×
A
A
A
Sazlamalar

Payızlıq əkinləri bəyan edən fermerlərin sayı iki dəfə artıb

Bakı, 9 dekabr, AZƏRTAC

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və payızlıq əkinlərin bəyan edilməsi prosesi qrafikə uyğun davam edir. Subsidiya alan fermerlərin böyük əksəriyyəti artıq EKTİS-də qeydiyyatdan keçərək özlərinə şəxsi kabinet yaradıblar. Bu günədək yeni sistemdə 400 minədək fermer qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Qazax və Ağstafa rayonlarında EKTİS-in tətbiqi ilə bağlı keçirilən görüşlərdə deyib.
Nazir müavini bildirib ki, bölgələrdə keçirilən maarifləndirici tədbirlər nəticəsində son 10 gündə EKTİS-də payızlıq əkin bəyanlarının sayı iki dəfə artıb: “Artıq 160 mindən artıq fermer hansı məhsulu əkdiyini bəyan edib. Gələn ildən subsidiyalar bu bəyanlar əsasında veriləcək. Bildiyiniz kimi, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə subsidiya əmsallarını müəyyənləşdirib. Subsidiyaların məbləği əmsallar 200 manat baza məbləğinə vurulmaqla müəyyənləşəcək. Bu baxımdan fermerlərin hansı məhsulu əkdiyini dəqiq bəyan etməsi vacibdir”.
Nazir müavini fermerləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı meydana çıxan suallarla bağlı Dövlət Aqrar İnkişaf mərkəzlərinə, "ASAN xidmət" mərkəzlərində yaradılmış xidmət pəncərələrinə və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməyə çağırıb.
Görüşlərdə nazirliyin EKTİS-in tətbiqinə məsul şöbələrinin əməkdaşları, yerli icra hakimiyyəti strukturlarının nümayəndələri, DAİM-lərin rəhbərləri, bələdiyyə sədrləri, fermerlər iştirak edirlər. Bu gün analoji görüşlər Tovuz və Şəmkir rayonlarında da keçirilib.

Kənd təsərrüfatı 2019-12-09 17:17:00