×
A
A
A
Sazlamalar

Oğuzda indiyədək 15 min hektardan çox sahədə taxıl əkilib

Oğuz, 9 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini davam edir. Fermerlər indiyədək 11 min 200 hektarı buğda, 3 min 900 hektarı arpa olmaqla, 15 min 100 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 17 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Azər Vəliyev məlumat verib.
Sektor müdiri bildirib ki, payızlıq dənlilərin əkiləcəyi ərazilərdə şum artıq başa çatdırılıb.
Xatırladaq ki, oğuzlu fermerlər builki mövsümdə 16 min 87 hektar taxıl sahəsindən 49 min 708 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 31 sentner məhsul götürülüb.

Kənd təsərrüfatı 2019-12-09 16:47:00