×
A
A
A
Sazlamalar

Ağstafa rayonunun Ağgöl kəndində tank əleyhinə mina aşkarlanıb

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da saat 09:22-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Ağgöl kəndində minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində təlim məqsədli TM-57 tank əleyhinə mina aşkarlanıb. Həmin mina götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minanın tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Hadisə 2019-12-09 15:36:00