×
A
A
A
Sazlamalar

Paytaxtda üç yeniyetməyə hədə-qorxu gələrək pullarını alan şəxs müəyyən edilib

Bakı, 9 dekabr, AZƏRTAC 

Paytaxtda üç yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il oktyabrın 25-də naməlum şəxsin Bakı şəhər sakinləri olan üç yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul alması barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət daxil olub.
Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Həmin şəxsin tutulması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dekabrın 7-də isə Bərdə rayonunun Güloğlular kəndi ərazisində yerləşən bazardakı mağazalardan birinə gəlmiş şəhər sakini, ruhi xəstə R.Abbasovun mağaza sahibini kəsici alətlə hədələyib 15 manat pulunu alması barədə rayon polis şöbəsinə müraciət daxil olub.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən R.Abbasov saxlanılıb. Araşdırmalarla onun həmin gün bazarda digər mağaza sahibini də eyni üsulla hədələyərək pul tələb etməsi də müəyyənləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə 2019-12-09 15:28:00