×
A
A
A
Sazlamalar

Mübariz Qurbanlı: Yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı tövsiyələr kifayət qədər təsir göstərib

Bakı, 9 dekabr, Vüqar Qurbanoğlu, AZƏRTAC

Azərbaycanda yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası fətva verib və çağırış edib ki, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmasın, o cümlədən israfçılığa yol verilməsin.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu, tövsiyə xarakterli bir çağırışdır. “Əgər biz İslami dəyərlərə diqqət yetirsək, İslam dinindəki mərasim tamamilə başqa formada olmalıdır. Bizdə yas mərasimləri əsasən adət-ənənələrdən irəli gələn məsələlərdə özünü büruzə verir. Əlbəttə burada hər hansı bir qadağadan söhbət gedə bilməz”, - deyə komitə sədri deyib. Onun sözlərinə görə, bu, yalnız təbliğat, tövsiyələr yolu ilə həll edilə bilər. Bu, zamana bağlı olan məsələdir. Burada hər hansı bir mübarizədən söhbət gedə bilməz. Bu məsələ təbliğat yolu ilə tədricən öz həllini tapacaq. İndiyə qədər verilən tövsiyələr kifayət qədər təsir göstərib, bir çox yerlərdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək bu addımı atıb. Bir çox kəndlərdə, rayonlarda ümumi razılıqla bu məsələləri həll ediblər. Ona görə də hesab edirəm ki, burada tövsiyələr mühüm rol oynayır.

Din 2019-12-09 13:02:00