×
A
A
A
Sazlamalar

Ankara Tibb Forumunda Azərbaycan səhiyyəsindəki yeniliklərdən danışılıb

Ankara, 8 dekabr, AZƏRTAC

Türkiyə paytaxtında keçirilən “Nümunəvi həkim olmağa doğru” VI Ankara Tibb Forumunda Azərbaycan səhiyyəsindəki yeniliklərdən bəhs olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Ankaradakı Səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyi (AHD) tərəfindən birgə təşkil olunan Forumda Azərbaycan və Türkiyədən həkimlər və tibb sahəsində təhsil alan tələbələr iştirak ediblər.
Türkiyə Səhiyyə Nazirliyinin Ankara Şəhər Xəstəxanasının ev sahibliyi ilə rəsmi hissə, panellər və bədii bölmədən ibarət olan tədbir iki gün davam edib.
Tədbirin rəsmi hissəsi Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, Mərkəzi Klinika Xəstəxanasının baş həkimi Kamran Musayev, Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Fərid Qasımzadə, Türkiyə Prezident Aparatı Ali Təhsil Qurumu İdarə Heyətinin üzvü Zeliha Koçak Tufan, Türkiyə Səhiyyə Nazirliyi Ankara Şəhər Xəstəxanası kordinatoru, baş həkim Əziz Əhməd Sural və başqaları çıxış ediblər. Çıxışlarda Azərbaycanın son illər səhiyyə və təhsil sahələrində əldə etdiyi nailiyyətlərdən, yeni qurulan və müasir avadanlıqlarla təchiz olunan xəstəxanaların imkanlarından, o cümlədən Türkiyə ilə əməkdaşlığın uğurlu nəticələrindən bəhs olunub.
Forumdakı panellər “Azərbaycanın səhiyyə sistemində və tibbi təhsildə yeniliklər”, “Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin problemləri və həllinə dair təkliflər”, “Tibbdə elmi araşdırma və nəşrlər”, “Azərbaycanda mütəxəssis həkimlər üçün iş və karyera imkanları”, “Sənətçi və idmançıların gözündə nümunəvi həkimlik”, “Xaricdə təhsil və karyera fürsətləri” və digər əhəmiyyətli mövzuları əhatə edib.
Çıxışlarda Azərbaycanda səhiyyənin inkişafı sahəsində əldə olunan nailiyyətlərə geniş yer verilib. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycan səhiyyəsində icbari tibbi sığortanın hüquqi bazası, qarşıya qoyulan məqsədlər və başlıca məqsəd barədə iştirakçıları məlumatlandırıb.
Forumun birinci günü axşam 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli mərasim keçirilib.
Əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və AHD sədri Fərid Qasımzadənin çıxışları olub.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində milli təqvimimizdə özünə layiqli yer qazanan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramının əhəmiyyətindən danışan Valeh Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafından bəhs edib. Dövlət Komitəsi adından AHD-nin rəhbər şəxslərinə minnətdarlığını çatdıran çıxışçı qeyd edib ki, hazırda azərbaycanlı həkimlərin dünyanın-ayrı ayrı ölkələrində, o cümlədən qardaş Türkiyədə çalışmaları qürurvericidir. Ölkəmizi xaricdə təmsil edən hər bir azərbaycanlının güvənə biləcəyi qüdrətli Azərbaycan dövləti var.
İştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimiyyətlə təbrik edən Fərid Qasımzadə qeyd edib ki, rəhbərlik etdiyi təşkilat bütün tədbirlərində azərbaycanlılar üçün həmrəylik çağırışları edir.
Tədbirin aparıcısı Ülkər Piriyeva Azərbaycana, üçrəngli bayrağımıza, vətənimizin gözəlliyinə həsr olunan şeirlər oxuyub.
Mərasimin bədii hissəsində Türkiyədə fəaliyyət göstərən “Xəzər Azərbaycan” Rəqs Dərnəyinin kollektivinin möhtəşəm ifası hərarətli alqışlarla qarşılanıb. Müğənni Cavid Təbrizlinin ifasında mahnılar dinlənilib.
Mərasim boyu ekranda Azərbaycanın müasir inkişafına, vətənimizin gözəlliyinə və tarixi abidələrinə aid videoçarx və Azərbaycan diasporuna həsr edilmiş “Vətən uzaqda deyil” adlı qısa film nümayiş olunub.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin himayəsi ilə nəşr olunan “Azərbaycan-Türkiyə” jurnalının 3-cü nömrəsi iştirakçılara paylanıb. Jurnalın bu nömrəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşünə həsr olunub.
Dekabrın 8-də forumun axırıncı panelləri və bağlanış hissəsi olub. Bu panellərdə xüsusi maraq kəsb edən məsələlərdən biri də səhiyyə mütəxəssisləri ilə bərabər musiqi və idman sahəsində tanınmış şəxslərin çıxışları olub.
“Sənətçi və idmançıların gözündə nümunəvi həkimlik” mövzusuna aid paneldə Azərbaycanın Xalq artisti Azər Zeynalov və yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevin çıxışları olub.
Sonra forumun bağlanış mərasimi və mükafatlandırma mərasimi təşkil edilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova açıqlamasında bildirib ki, forumun məqsədi Azərbaycan və Türkiyənin səhiyyədə əldə etdikləri uğurlar barədə informasiya mübadiləsi, bu sahədə İstər Türkiyədə istərsə də ölkəmizdə fəaliyyət göstərən gənclər arasında əlaqələrin genişləndirilməsi yolları və həmçinin müasir dünyanın səhiyyə problemlərini müzakirə etmək olub. Əvvəlki illərdə olduğu kimi bu forumda da qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilib. Türkiyə Universitetlərində məzun olan həkimlərimizin Vətənə dönmələri və ölkəmizdə fəaliyyət göstərmələri ilə bağlı səmərəli mövzular müzakirə olunub.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2019-12-08 21:35:00