×
A
A
A
Sazlamalar

“Dərbənd” Xeyriyyə İctimai Birliyi ilə “Dağıstan-Azərbaycan” Regional İctimai Təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanıb

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Rusiya Federasiyasının Dağıstan Respublikası “Dağıstan-Azərbaycan” Regional İctimai Təşkilatının İdarə Heyətinin sədri Tacəddin Sultanovun başçılıq etdiyi nümayəndə heyəti “Dərbənd” Xeyriyyə İctimai Birliyinin ofisində İctimai Birliyin İdarə Heyəti ilə görüş keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmlər doktoru, professor Nurulla Əliyev çıxış edərək təşkilatın fəaliyyəti, ölkəmizin ictimai və siyasi həyatında birliyin üzvlərinin fəal iştirakı, Rusiya və Azərbaycan arasında dostluğun və əməkdaşlığın inkişafı, həmçinin Dərbəndə yaşayan soydaşlarımız ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində iki təşkilat tərəfindən birgə səylərin gücləndirilməsinin vacibliyindən danışıb.
Sonra Tacəddin Sultanov dəvətə və səfərin təşkilinə görə birliyin üzvlərinə minnətdarlığını bildirib və Dərbənddə həmyerlilərimiz ilə keçirilən müxtəlif tədbirlər barədə məlumat verib. Həmçinin Rusiya və Azərbaycan arasında tolerantlıq ənənələrinin, mədəniyyətlər və sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə məqsədyönlü addımların atılmasının vacibliyindən, o cümlədən elmi, humanitar və sosial sahələrdə əməkdaşlığın hərtərəfli inkişafının əhəmiyyətindən bəhs edib.
Tədbirdə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvləri və tarixçi-tədqiqatçi Rauf Həsənov çıxışlarında iki xalq arasında dostluğun və əməkdaşlığın inkişafı məqsədi ilə təşkilatlar arasında informasiya mübadiləsi, mədəni və humanitar sahələrdə fəaliyyətlərin gücləndirilməsindən söz açıblar.
Dərbənd şəhərinin qədim hissələrinin qorunması və bərpası barədə təkliflər verilib.
Sonda “Dərbənd” Xeyriyyə İctimai Birliyi ilə Rusiya Federasiyasının Dağıstan Respublikası “Dağıstan-Azərbaycan” Regional İctimai Təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda Azərbaycan ilə Dağıstan arasında dostluq münasibətlərinin, xalqların milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, tolerantlıq ənənələrinin təbliği sahəsində əməkdaşlıq məsələləri əksini tapıb.

Sosial 2019-12-07 21:44:00