×
A
A
A
Sazlamalar

Milli Məclisin buraxılması barədə qərar Azərbaycanda əsaslı islahatların hakimiyyətin bütün qollarını əhatə etdiyini göstərir

Bakı, 7 dekabr, AZƏRTAC 

Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılması ilə bağlı qərarının məzmununa diqqət yetirsək çox mühüm məsələlərin əksini tapdığını görərik. Konstitusiya Məhkəməsi qəbul etdiyi qərarla Milli Məclisin buraxılması ilə bağlı məsələyə hüquqi baxımdan aydınlıq gətirdi.
Bunu AZƏRTAC-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib.
Ə.Nuriyev qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisi dekabrın 2-də keçirilən iclasında çox mühüm qərar qəbul etdi. Bu qərarın qəbul edilməsinin əsas səbəblərindən biri də ondan ibarət idi ki, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası deputat fraksiyasına Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələni parlamentdə qaldırmaq və müvafiq qərarın qəbul edilməsinə nail olmaq barədə müraciət etdi. Burada əsas səbəb kimi hazırkı şəraitdə Milli Məclisin Azərbaycan Respublikasının Prezidentinin apardığı iqtisadi islahatları tam olaraq dəstək ifadə etmək iqtidarında olmadığı göstərilmişdi. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının parlamentində YAP mütləq səs çoxluğuna malikdir və eyni zamanda, partiyanın bu təşəbbüsü bitərəflər, ayrı-ayrı siyasi partiyalar tərəfindən də dəstəkləndi və dekabrın 2-də keçirilən iclasda Milli Məclis böyük səs çoxluğu ilə parlamentin buraxılması üçün Prezident İlham Əliyevə müraciət edilməsi barədə qərar qəbul etdi. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Milli Məclisi buraxmaq hüququ Prezidentə məxsusdur. Yəni, Milli Məclisin özünü buraxması ilə bağlı Konstitusiyada hər hansı norma mövcud deyil. Ümumiyyətlə, bu, çox unikal bir qərar idi. Hesab edirəm ki, YAP çox əhəmiyyətli, cəsarətli bir qərar qəbul etdi.
Hüquqşünas qeyd edib ki, 2016-cı ildə referendum vasitəsilə Konstitusiyaya dəyişikliklər olunduqdan sonra parlamentin buraxılması institutu əsas qanuna daxil edildi. Ölkəmizdə ilk dəfədir ki, Milli Məclisin buraxılması məsələsi yaranıb. Təbii olaraq bu maddənin necə təsdiqi ilə bağlı çoxsaylı suallar ola bilər. Bütün bunlara aydınlıq gətirmək üçün Prezident İlham Əliyev çox düzgün və əhəmiyyətli addım atdı və Milli Məclisin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müraciətinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu ünvanlandı. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də bu işə baxaraq müraciətdə göstərilən əsasların doğrudan da Milli Məclisin buraxılması üçün yetərli olduğu qənaətinə gəldi və müvafiq qərar qəbul etdi.
“Konstitusiyanın 111-ci, 112-ci maddələrinə əsasən Milli Məclisin çox mühüm funksiyaları vardır. Buna görə də həmin funksiyaların icrası parlamentin fəaliyyət göstərməsini zəruri edir. Konstitusiya Məhkəməsinin Plenumu məhz Konstitusiyanın müvafiq maddələrinə istinad edərək mühüm bir şərh də verdi ki, yeni Milli Məclis formalaşanadək parlament səlahiyyətlərini davam etdirməlidir. Bu da başadüşüləndir. Konstitusiya Məhkəməsinin verdiyi qərar tam şəkildə hüquqa, Konstitusiyamıza əsaslanır. Xüsusi vurğulamaq istərdim ki, Milli Məclisin buraxılması təşəbbüsü, sonrakı hüquqi proses və nəticədə parlamentin buraxılması barədə müvafiq qərarın qəbul edilməsi Azərbaycanda əsaslı islahatların hakimiyyətin bütün qollarını əhatə etdiyini göstərir”, - deyə Əliməmməd Nuriyev bildirib.

Sosial 2019-12-07 19:51:00