×
A
A
A
Sazlamalar

Dillər Universitetində tədbir: tələbələr “Yazarlar klubu” üzvlərinin şeirlərini səsləndiriblər

Bakı, 6 dekabr, AZƏRTAC 

Dekabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatının “Yazarlar klubu”nun təşkilatçılığı ilə “Məni gözəl xatırla” adlı tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə tələbələr klub üzvlərinin şeirlərini səsləndirib, həmçinin bu ali məktəbin rektoru, Xalq yazıçısı Kamal Abdullanın şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.
Tədbirdə çıxış edən Kamal Abdulla deyib: “Sevindirici haldır ki, bu gün bizim oxucularımızın sayı yazıçılarımızın sayından çoxalmağa doğru gedir. Çünki hər şey oxumaqdan başlayır. Mənim beynimdə, qəlbimdə burada səslənən bir çox şeirlərin misraları qaldı”.
Azərbaycanın böyük şairi Hüseyn Cavidin “Gülbahar” şeirini söyləyən rektor son misraların bu gün ölkəmizdə bərqərar olmasına sevindiyini bildirib. Prezident İlham Əliyevin bütün dünyaya Azərbaycan multikulturalizmini elan etdiyini deyən Kamal Abdulla bununla Azərbaycan xalqının başqa insanı, başqa milləti, başqa mədəniyyət sahibini də qəbul etdiyini diqqətə çatdırıb. O, Hüseyn Cavidin ən böyük multikultural insan olduğunu vurğulayıb.

Elm və təhsil 2019-12-06 17:50:00