×
A
A
A
Sazlamalar

“PMD Projects” MMC-də təcrübə keçən tələbələrdən 10-u işlə təmin ediləcək

Bakı, 6 dekabr, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “PMD Projects” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın və “PMD Projects” MMC-nin inşaat üzrə direktoru Dəyanət Sədullayevin imzaladıqları müqavilə iki qurum arasında əməkdaşlıq üçün geniş imkanlar açır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, istehsalat təcrübəsinə gedən tələbələrin bilik və bacarıqlarının artırılması məqsədilə onlara şirkətin bazasında istehsalat təlimi və təcrübə keçmələrinə şərait yaradılacaq, gələcəkdə kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstəriləcək.
Şirkətin nümayəndə heyəti ilə görüşdə rektor son illər universitetdə kadr hazırlığı istiqamətində görülən işlərdən, tələbələrə praktiki vərdişlərin aşılanmasının vacibliyindən və bu sahədə qazanılan uğurlardan danışıb. O, təhsilin keyfiyyətinin artırılması üçün istehsalat təcrübələrinin önəmli olduğunu, bu istiqamətdə universitetə yardımçı olan partnyor şirkətlərin sayının ildən-ilə artdığını vurğulayıb. “PMD Projects” MMC ilə əməkdaşlığın AzMİU üçün faydalı olacağını deyən G.Məmmədova bu addımın məzunların işlə təminatına da müsbət təsir edəcəyini bildirib.
Əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını diqqətə çatdıran D.Sədullayev qeyd edib ki, bu işdə əsas məqsədləri tələbələrin inkişafına dəstək vermək, onların kadr kimi yetişməsinə yardımçı olmaqdır. D.Sədullayev onu da bildirib ki, şirkətdə təcrübə keçən tələbələrdən 10 nəfəri işlə təmin ediləcək.
Görüşün sonunda “PMD Projects” MMC-nin İnsan resursları şöbəsinin müdiri Vüqar Heydərov şirkətin fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib.

Elm və təhsil 2019-12-06 15:14:00