×
A
A
A
Sazlamalar

“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar keçirilib YENİLƏNİB

Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Bakıda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və ÜƏMT-nin Hüquq İnstitutunun nümayəndəsi xanım Nahal Zebarcadi açıb.
Kamran İmanov tədbirin mövzusunun aktuallığını qeyd edib, seminarın Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemindəki islahatları ilə bağlı olduğunu, bir tərəfdən dövlət başçısının məhkəmə-hüquq sistemində, digər tərəfdən isə əqli mülkiyyət (ƏM) sahəsində apardığı islahatların dəstəklənməsi məqsədini daşıdığını bildirib. O, müstəqil inkişaf yollarını daim arayan və buna nail olan Azərbaycanın bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlanmış və müsbət inkişaf üçün bütün imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçdiyini, cəmiyyətin həyatının bütün sahələrini əhatə etdiyini vurğulayıb.
Qeyd edilib ki, islahatçı ölkələrin avanqardına daxil olan Azərbaycan “Doing Business - 2020” hesabatında islahatçı 20 ölkə sırasına daxil edilib. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi – 2019” hesabatında Azərbaycan “qanunvericiliyin effektivliyi”nə görə 13-cü, “hökumətin dəyişikliklərə olan reaksiyası”na görə 5-ci və “hökumətin gələcəyə yönəlmiş fəaliyyətə, uzaqgörənliyə” görə isə 10-cu yerləri tutur.
Agentliyin rəhbəri bu cür kardinal dəyişikliklərin Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı, sosial-iqtisadi islahatların reallaşdırılmasına malik olmasının, innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafında və əqli mülkiyyətin qorunmasında da öz əksini tapdığını bildirib. Belə ki, son “Rəqabətqabiliyyətlilik İndeksi”nə əsasən, Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci və “əqli mülkiyyətin qorunması” göstəricisinə görə isə 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. “Rəqabətqabiliyyətlilik İndeksi”ndə 92-ci yerdən 2016-2017-ci illərdə 71-ci, 2017-2018-ci illərdə 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb.
Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.
Dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyi yaradılıb, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində iki mərkəz – Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verilib.
Beləliklə, aparılmış islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən özünəməxsus idarəetmə modeli aktuallaşmışdır.
K.İmanov qeyd edib ki, bu ilin oktyabrında ÜƏMT-nin Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq, müəllif hüququ üzrə 1886-cı ildən qəbul edilən və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb.
Bildirilib ki, əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət etməlidir. Müasir dövrdə Azərbaycanın inkişafı, o cümlədən əqli mülkiyyət sahəsində imkan verir ki, yeni paradiqma, yeni baxış mövqeyindən diqqətimizi zamana uyğun olan əsas məqsədlərdən birinə – hüquqların müdafiəsinin təminatına (enforcement) yönəldək. Bunun üçün dövlət başçısının təşəbbüsü ilə aparılan məhkəmə-hüquq sistemindəki islahatların dərinləşdirilməsi hüquqların təminatında yeni üfüqlər açır.
Agentliyin rəhbəri vurğulayıb ki, ÜƏMT məhkəmə-hüquq sahəsində daha fəal olan dünya ölkələrinin ƏM sahəsindəki işlərə dair ən vacib məhkəmə qərarlarına həsr olunmuş yeni nəşrlərin ilk buraxılışını dərc etməyə başlayıb. “ÜƏMT-nin əqli mülkiyyət sahəsində məhkəmə qərarları Toplusu” adlı yeni nəşrlər seriyası təşkilatın Məhkəmə İnstitutu tərəfindən hazırlanır və müəyyən bir ölkə və ya mövzu nümunəsində ƏM-ə dair mübahisələrin həlli yanaşmalarını və tendensiyalarını təsvir etmək məqsədi daşıyır.
K.İmanov qeyd edib: “ÜƏMT-nin Baş direktoru Frensis Qarri yeni nəşrə aid bildirib ki, ƏM-in müasir vəziyyətində “ixtiraçılar və ƏM ekosisteminin digər iştirakçıları həll olunmamış problemlərin nizamlanması üçün məhkəmələrə daha çox müraciət edirlər, bu da məhkəmə sisteminin ölkələrin ƏM normativ-hüquqi bazasının inkişafında və qlobal iqtisadiyyat çərçivəsində getdikcə daha vacib rol oynamağa başladığını göstərir”.
O, hüquqların təminatı məsələsinin Əqli Mülkiyyət Agentliyinin diqqət mərkəzində olduğunu bildirərək Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”nın il ərzində müəlliflərin, digər hüquq sahiblərinin və sahibkarların istifadəsində olduğunu, onların əqli mülkiyyət məsələləri üzrə orta hesabla hər il 1500-dən artıq müraciət və sorğularına baxıldığını, qaldırılan məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində kömək göstərildiyini diqqətə çatdırıb.
Agentliyin nümayəndələri 2018-ci ilin sentyabr ayından 2019-cu ilin dekabr ayının 1-dək ümumilikdə 35 iş üzrə müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 120-dən çox məhkəmə iclaslarında iştirak edib, hər bir iş üzrə rəy bildiriblər. Deməli, Agentliyin hüquqşünaslarının kifayət qədər məhkəmə təcrübəsi vardır.
Bununla yanaşı, struktur islahatları çərçivəsində Agentlikdə kvazi məhkəmə - Apelyasiya Şurası yaradılıb və fəaliyyət göstərir. Bu ana qədər Apelyasiya Şurasına sənaye mülkiyyətinə aid 185 müraciət daxil olub, onlardan 164 işə münasibətdə artıq qərar qəbul edilib.
Kamran İmanov bildirib ki, məhkəmə-hüquq sistemində kardinal dəyişikliklər gözlənilir. Azərbaycan Respublikasının Prezidentinin məhkəmə-hüquq sistemində islahatların dərinləşməsinə aid Fərmanının icrasına dair ilk qanunvericilik aktları paketi bu ilin iyulunda qəbul olunaraq, islahatların institusional komponentlərini əhatə edir və bu dəyişikliklər 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. İslahatlara əsasən, ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub. Bu dəyişikliklər ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənib və qanunun tətbiqi ilə bağlı əlaqədar strukturlara tapşırıqlar verilib. Hazırda yeni korpus hakimlərin mərhələli seçimi gedir. Noyabr ayında isə hazırlanmış ikinci qanunvericilik paketinə baxılıb. Nəzərdə tutulan qanun layihələri “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunlardan başlayaraq, ümumiyyətlə 11 qanunu əhatə edir. Qanunlarda dəyişikliklərin əsas məqsədi – vahid məhkəmə təcrübəsinin yaradılması və ədalət mühakiməsi həyata keçirilərkən, məhkəmələr tərəfindən hüquq normalarının eyni cür tətbiqinin təmin edilməsidir.
Agentliyin rəhbəri xüsusi qeyd edib ki, dövlət başçımızın məhkəmə sistemində vahid hüquqi yanaşmanı təmin etmək tələbi, ilk növbədə, ədalət mühakiməsinin keyfiyyətini qaldıracaq. Bu, eyni hüquqi yanaşmanın tətbiq edilməsində Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini həm baxdığı ayrı-ayrı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, həm də Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırılmalıdır.
Novellalar çərçivəsində sənədlər paketinə daxil olan digər mühüm istiqamət məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişlənməsidir. Yeni bir hüquqi institut – özəl məhkəmə ekspertizası institutu yaradılır, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir. Bu qanun layihələrinin tətbiqinin də 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Dövlət başçısının təşəbbüsü ilə məhkəmə-hüquq qanunvericiliyində həyata keçirilən novellaların əqli mülkiyyət sistemindəki məhkəmə mübahisələrində həddindən artıq vacib olduğunu vurğulayan K.İmanov qeyd edib: “Biz dövlət başçısının Fərmanının icrası ilə bağlı 2019-cu il aprelin 3-də keçirilən “Məhkəmə islahatları: məhkəmə-hüquq sisteminin əqli mülkiyyət hüquqlarının təminatında rolu” mövzusunda milli konfrans-təlimdə bu məsələlərə toxunaraq hakimlər tərəfindən fərqli yanaşma, xüsusi biliklərə malik olması, ekspertizanın vacibliyi haqqında konkret faktlara əsaslanaraq, bir sıra nümunələr gətirmişdik. Dövlət başçısı tərəfindən təklif olunan dəyişikliklərin mühümlüyünü nəzərə alaraq, əqli mülkiyyət mübahisələri sahəsindəki məsələlərə az sonra ediləcək kiçik məruzədə yenidən qayıdacağıq”.
O bildirib ki, məhkəmə-hüquq islahatları ilə bağlı qarşımızdakı vəzifələrin icrası yeni yanaşmalar tələb edir, məsuliyyətimizi artırır və mövcud olan imkanlarımızdan daha səmərəli istifadə etməyi tələb edir. Bu il oktyabrın 15-də Prezident İlham Əliyev keçirdiyi müşavirədə qeyd etmişdi ki, mövcud olan potensialdan, sahədəki ehtiyatlarımızdan daha səmərəli istifadə etməliyik.
Agentliyin rəhbəri məhkəmə sahəsində əqli mülkiyyətin qorunması və hüquqların müdafiəsi ilə bağlı bir neçə istifadə olunmayan ehtiyatlar üzərində dayanıb, xüsusi olaraq “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının “Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi” bölməsini və burada təsbit edildiyi kimi, “Qanunvericilik təkmilləşdiriləcək, piratçılıq və kontrafaksiya da daxil olmaqla, əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı səmərəli tədbirlər görüləcəkdir” bəndini xatırladıb, piratçılıq və kontrafaksiyanın bazarın, rəqabətin qatı düşməni olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, bu məqsədlərə xidmət edən Azərbaycanın “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunudur (qısaca “Antipirat Qanunu”). Lakin bu Qanunun məhkəmə təcrübəsində zəif işləməsi nəzərə çarpır.
Giriş sözünün yekununda K.İmanov məhkəmələrdə ƏM sahəsinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasların statistikasından və mövcud olan problemlərdən söz açıb, işlər və adlar üzərində dayanmadan baxılan mülki işlərin təhlilinin bir neçə nəticəyə gəlmək imkanı verdiyini, özü də çatışmazlıqların ilk dəfə səsləndirilmədiyini, lakin təəssüflər olsun ki, problemlərin hələ də qaldığını qeyd edib: “Birincisi, bəllidir ki, ƏMH-nin müdafiəsi daha çox xüsusi hüquq çərçivəsində təşkil olunur, yəni hüquq sahibi tərəfindən, onun iradəsi əsasında irəli sürülür və bu sahədə tam mənada xüsusi hüququn əsas prinsipi – dəymiş zərərin tam ödənilməsi prinsipi işləyir. Lakin ƏM-i yalnız xüsusi hüquqa aid etmək yanlış olardı və buna əsasən xüsusi hüququn tətbiqi məhkəmə və hakimlərin işidir (dövlət bu məsələyə qarışmır), nəticə çıxartmaq da düzgün olmazdı. Əksinə, bir çox hallarda xüsusi hüquq üsullarını əvəz etmədən, lakin onlara əlavə olan kütləvi, publik-hüquq üsulların tətbiqi əhəmiyyətli dərəcədə vacibdir.
Hüquqlar yalnız o zaman “real” tam dəyərli olur ki, əgər onların arxasında dövlətin məcburetmə aparatı durur, özü də belə müdafiənin etibarlılığı, məşhur Rudolf İerinqin sözlərinə əsasən, hüququn ədalət səviyyəsi olduğu qədər yüksək dəyərlidir.
Misal üçün, müvafiq Məcəllələrdə qeyd edilib ki, hüquqpozmalar müəyyən edildikdə Əqli Mülkiyyət Agentliyi tərəfindən protokollaşdırılır və cəza sanksiyalarının tətbiqi üçün məhkəmələrə yönəldilir. Lakin məhkəmələr tərəfindən adekvat cavab görülmür, inzibati hüquq işlərinə adətən xitam verilir.
İkincisi, məlumdur ki, “ex parte” - müvəqqəti tədbirlər, yəni hüquqpozmanın mahiyyətcə baxılmasından öncə sübutların qorunub saxlanması üçün xüsusən müəllif-hüquq sahəsində vacib əhəmiyyət kəsb edir və piratçılığa qarşı mübarizədə alətlərindən biridir. Lakin bu mexanizm zəif tətbiq olunur və demək olar ki, sıfır səviyyəsindədir.
Üçüncüsü, “Antipirat qanunu”nun tələbi olan – məhkəmə qərarlarının dərc olunması zəif yerinə yetirilir, halbuki bunun əhəmiyyətli dərəcədə maarifçi-informasiya potensialı vardır.
Bununla belə, məhkəmə korpusumuz öz üzərində çalışan hakimlərdən ibarət olduğuna görə ümidvaram ki, qeyd etdiyim tövsiyələr nəzərə alınacaq və biz bu ehtiyatlarımızdan daha səmərəli istifadə edəcəyik”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov seminarın aktual mövzuya - əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı, ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsinə həsr olunduğunu söyləyib.
Gündüz Kərimov deyib: “Məhkəmə-hüquq islahatlarının vacib tərkib hissəsi olan ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, məhkəməyə müraciət hüquqlarının genişləndirilməsi, hüquq vasitələrinin təminatı, məhkəmə iştirakçılarının hüquqlarının genişləndirilməsi, qanunvericilik tərəfindən verilmiş hüquqlardan, o cümlədən sübutların təminatı, iddiaların təmin tədbirləri, ekspertiza keçirmək imkanları və digər vasitələr Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında qeyd olunub. Əqli mülkiyyət dünyada ən qiymətli dəyərdir. Çünki bu, insanın əqli nəticəsində yaranmış mülkiyyətdir. Dünyada mübahisələr, o cümlədən xüsusi hüquqda mübahisələrin bir çoxu mülkiyyətlə bağlı olub. Onun bir hissəsi isə əqli mülkiyyətlə bağlı olub. İqtisadiyyatın inkişafının təminatı, innovasiyaların cəlb edilməsi, innovativ inkişaf, dördüncü sənaye inqilabı, rəqabətqabiliyyətlilik anlayışları məhkəmə-hüquq islahatlarının məqsədlərindən biridir. Ölkədə investisiyanın təşviqi sahibkarların hüquqlarının müdafiələrinin genişləndirilməsi təminatına və məhkəmə prosesinin ədalətinə yönəlib. İqtisadiyyatın artımı, xarici investisiyaların təşviqi üçün məhkəmədə hüquqların təminatı ən vacib vasitələrdən biridir. İnnovasiya, əqli mülkiyyət iqtisadiyyatın vacib və tərkib hissəsi olduğuna görə mütləq sahibkar öz əqli mülkiyyətinin pozulmaması vasitələrini bilməlidir. Həmçinin onlardan əmin olmalı və məhkəmə vasitəsilə pozulmanın qarşısının alınması və vurulmuş zərərin ödənilməsinin təmin edilməsinə əmin olmalıdır. Məhz bu məqsədlə də dövlət başçısının tapşırığı ilə ölkədə bu sahədə aparılan islahatlarda iki paralel məhkəmə vasitəsi sistemi - kommersiya və inzibati məhkəmələr yaradılıb. Həm kommersiya, həm də inzibati məhkəmələr əqli mülkiyyət işlərinə baxmaq mandatına malik olacaq. Ona görə bu məhkəmələrdə ixtisaslaşmış hakimlərin olması çox vacibdir. Ölkədə bütün sahələrdə, o cümlədən məhkəmə sahəsində davamlı islahatlar aparılır”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına mühüm töhfələr verəcək. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsində təsbit edilən əqli mülkiyyət hüququnun ölkəmizdə təmin olunması məqsədilə həm qanunvericilikdə, həm də onların icrası istiqamətində mühüm işlər görülür. Əqli mülkiyyət hüququnun müdafiəsi, o cümlədən əqli mülkiyyət sahiblərinin hüquqlarının qorunması, hüquq pozuntularının qarşısının alınması Ombudsman fəaliyyətində prioritet istiqamətdir. Çünki bu hüquqların pozulması əqli mülkiyyət sahiblərinin hüquqlarının pozulması ilə yanaşı, cəmiyyətin inkişafına da öz mənfi təsirini göstərir.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının milli qanunvericiliyi özünün sistemli xarakteri ilə səciyyələnir. Ölkəmizdə əqli mülkiyyətin, yaradıcılıq məhsulunun konstitusional səviyyədə qorunması bu fikri bir daha təsdiqləyir. O qeyd edib ki, Azərbaycan bu sahədə mühüm beynəlxalq konvensiyaların iştirakçısıdır. Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv olmaqla bu təşkilatın əsas əqli mülkiyyət tələblərini milli hüquqa geniş şəkildə tətbiq edir. Beynəlxalq və milli səviyyədə əqli mülkiyyət sahəsi üzrə qanunvericilik normalarının əhəmiyyətli hissəsi bu istiqamətdə elmi tədqiqatların dərinləşməsinə, eyni zamanda, təhsilin və tədrisin sistemləşdirilməsinə təsir edir. Əqli mülkiyyət hüququ sahəsində təlim və tədrisin təşkili, elmi-praktik araşdırmaların aparılması üzrə bu tip öhdəliklər həm dövlət orqanları, həm də vətəndaş cəmiyyəti qurumlarının üzərinə qoyulub.
Elçin Babayev vurğulayıb ki, Azərbaycanda əqli mülkiyyət sahəsində elmi-nəzəri bazanın işlənib hazırlanması müvafiq kadr hazırlığının həyata keçirilməsi üzrə uğurlu fəaliyyət göstərən təhsil müəssisələri sırasında Bakı Dövlət Universiteti öz yeri ilə seçilir. Universitetin Hüquq fakültəsində əqli mülkiyyət hüququ üzrə tədris çoxşaxəli şəkildə təşkil edilib.
Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov bildirib ki, elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar əqli mülkiyyət məhsulları cəmiyyətin bütün sahələrində tətbiq olunur. Bu gün süni intellektin tətbiqi geniş yayılıb. O qeyd edib ki, ölkəmizdə bir neçə ildir elektron məhkəmə, elektron icra fəaliyyət göstərir. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” müvafiq Fərmanında da göstərilir ki, bu sahədə də elektron informasiya sistemi tətbiq olunmalıdır. Cəmiyyət yeni inkişaf mərhələsinə qədəm qoyub. Hüquq sahəsində aparılan islahatlar, məhkəmə sistemində çalışan hakimlərin bilik səviyyəsi bu inkişafın tələblərinə cavab verməlidir.
Daha sonra Kamran İmanov əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı sahəsində ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi, məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında geniş məruzə ilə çıxış edib.
Seminarda Haaqa Məhkəməsinin baş hakimi Edqer Brinkmanın “Əqli Mülkiyyət mübahisələri üzrə ixtisaslaşmış məhkəmə orqanlarının yeni formaları”, ÜƏMT-nin nümayəndəsi Nahal Zebarcadinin “ÜƏMT-nin fəaliyyəti və ÜƏMT-nin məhkəmələrlə işinin təşkili ilə tanışlıq” və “Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət sahəsinə aid mübahisələr”, Apelyasiya Şurasının sədri Günel Sevdimalıyevanın “Azərbaycanda Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının və əlaqədar olan məhkəmə qərarlarının icmalı və beynəlxalq təcrübə”, Əqli Mülkiyyət Agentliyinin Hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərovun “Əqli mülkiyyət hüquqlarının pozuntularına qarşı hüquqi müdafiə vasitələri”, Əqli Mülkiyyət Agentliyinin Hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərovun “Əqli mülkiyyət hüquqlarının pozuntularına qarşı hüquqi müdafiə vasitələri” mövzularında məruzələri dinlənilib.
Seminar işini dekabrın 6-da davam etdirəcək.

Elm və təhsil 2019-12-05 10:32:00