×
A
A
A
Sazlamalar

BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüş keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC 

Dekabrın 4-də Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Haulin Jao ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Jaonu 100 illik tarixi olan Bakı Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib. Elçin Babayev Azərbaycanda telekommunikasiya sahəsində mövcud vəziyyət, eyni zamanda, qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Bakıda keçirilən XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” sərgisinin əhəmiyyətini vurğulayan rektor sərgiyə bu il daha çox ölkənin qatıldığını vurğulayıb. Bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı gənclərin həyatında, eləcə də beynəlxalq əlaqələrin intensivliyinin artmasında mühüm rol oynayır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqının 193 üzvündən biri olduğunu bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın “Bakutel-2019” sərgisini ziyarət etdiyini diqqətə çatdırıb. Elmir Vəlizadə, həmçinin Azərbaycanın BTİ-də yüksək səviyyədə təmsil olunduğunu və əlaqələrin genişləndirilməsi üçün geniş imkanları olduğunu bildirib, bu görüşü Bakı Dövlət Universitetinin 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlərin davamı kimi qiymətləndirib. O, informasiya texnologiyaları əsri olduğunu, tələbələrə zamanı düzgün dəyərləndirməyi tövsiyə edib.
Sonra çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Jao müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət göstərildiyini deyib. Azərbaycanın, eləcə də dünyanın İKT sahəsində çoxsaylı aparıcı şirkətləri ilə tərəfdaşlıq əlaqələri qurduğunu qeyd edən Haulin Jao BDU tələbələrini innovativ layihələrlə beynəlxalq sərgilərdə təmsil olunmağa çağırıb. O, bu görüşün yeni texnologiyaların, təcrübə mübadiləsinin və işgüzar əlaqələrin qurulmasındakı əhəmiyyətindən danışıb. Həmçinin tələbələrin kreativ ideyalarını dəstəkləməkdə maraqlı olduqlarını bildirib, uğurlu layihələri üçün mentor xidmətləri, investisiyaların cəlb olunması barədə məlumat verib.
Sonda zamanın tələblərinə uyğun olaraq informasiya kommunikasiya texnologiyalarının yüksələn xətlə inkişafını vurğulayan Haulin Jao tələbələrin sualları cavablandırıb.
Qeyd edək ki, tədbirdə BTİ-nin MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Vaqif Sadıqov, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Paşazadə də iştirak ediblər.

Elm və təhsil 2019-12-04 19:30:00