Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti “Yaşıl strategiya”nın tətbiqinə başlayıb

Bakı, 3 dekabr, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) “Yaşıl strategiya”nın tətbiqinə başlayıb. Şirkət bundan sonrakı fəaliyyətini daha yaxşı və yaşıl gələcək naminə dayanıqlılıq çərçivəsində quracaq.
AZƏRTAC xəbər verir ki, aylarla davam edən intensiv hazırlıq işlərindən sonra BŞH ərsəyə gətirdiyi yeni “yaşıl proqramı”nı şirkətin bütün fəaliyyətində tətbiq etməyə çalışacaq. Bununla da Bakı yarışının təşkilatçısı bu ayın əvvəlində Formula 1 şirkətinin ictimaiyyətə təqdim etdiyi və 2025-ci ilədək bütün yarışların tam dayanıqlı çərçivədə keçirilməsini nəzərdə tutan proqramı yerli miqyasda icra etməyə səy göstərəcək.
Yeni strategiya çərçivəsində BŞH gələcək yarış həftə sonlarında dayanıqlı materialların istifadəsini genişləndirəcək, birdəfəlik istifadəyə yararlı plastik materiallardan istifadəni əhəmiyyətli dərəcədə azaldacaq, yarış məkanında tullantıların təkrar istifadəsi və emalı məqsədilə toplanması üçün tullantı çeşidinə uyğun xüsusi qutular yerləşdirəcək. Əməliyyat Şirkəti yeni strategiyadan yola çıxaraq əməkdaşlıq etdiyi şirkətlərə və digər əlaqədar qurumlara Bakıda baş tutacaq növbəti Formula 1 yarışınadək, həmçinin yarış həftəsonu ərzində bu təşəbbüsdə iştirak imkanı yaradacaq. Bu addımlar, eyni zamanda, Formula 1 şirkətinin dayanıqlılıq proqramında yerli təşkilatçılarla daha dayanıqlı gələcək naminə görüləcək işlər arasında yer alır.
BŞH “yaşıl təşəbbüs” çərçivəsində toplanmış tullantıları Bakı Autizm Mərkəzinə təhvil verəcək. Mərkəz də bu tullantıları aidiyyəti emal müəssisələrinə verərək əldə olunan vəsaiti bu mərkəzdə xidmət görən aztəminatlı autizmli uşaqların reabilitasiyasına sərf edəcək.
Həmçinin BŞH dayanıqlılıq təşəbbüsü istiqamətində öz ofisində “Yaşıl qaydalar”a tam riayət olunmasını təmin etməklə bu strategiyanın şirkətdaxili mədəniyyətin ayrılmaz hissəsinə çevrilməsini həyata keçirməyə çalışacaq. Bu proses çərçivəsində kağız, enerji və suya qənaət olunacaq, həmçinin BŞH-nin ofisində tullantıların çeşidlənməsi üçün xüsusi qutular yerləşdiriləcək. Bundan başqa, “Qış bağçası” layihəsi çərçivəsində işçilərin şirkət ofisinə bitkilər gətirməsi tövsiyə olunacaq.
Nəzərdə tutulan bütün fəaliyyətləri tam reallaşdırmaq üçün BŞH-nin işçilərindən ibarət “Yaşıl komitə” qurulub. Komitədə şirkətin bütün şöbələri təmsil olunur və komitə “Yaşıl strategiya” ilə əlaqədar bütün ekoloji layihələrin və kampaniyaların şirkət daxilində ən yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai hamını “yaşıl hərəkat”a qoşulmağa çağıraraq deyib: “Sirr deyil ki, hazırda bəşəriyyətin üzləşdiyi ən böyük təhlükəyə səbəb insanın özüdür. Buna görə Əməliyyat Şirkəti olaraq inanırıq ki, iqlim dəyişikliyinin gözəl planetimizə verdiyi zərəri azaltmaq üçün üzərimizə düşəni etmək olduqca əhəmiyyətlidir. Hərəkətlər sözlərdən daha təsirlidir və ona görə də yeni təşəbbüsümüzdən yola çıxaraq deyə bilərəm ki, bu gündən etibarən şirkətimiz üçün yalnız “yaşıl düşünmək” yox, həm də “yaşıl hərəkət etmək” böyük önəm daşıyır. Biz Formula 1 ictimaiyyətinin tərkib hissəsi olan dostlarımızı və tərəfdaşlarımızı, həmçinin azarkeşləri tullantılara qarşı birgə mübarizəyə və gələcək nəsillərə daha parlaq gələcək bəxş etmək üçün var gücümüzlə çalışmağa səsləyirəm”.
N.Arpadarai qeyd edib ki, gələn il keçiriləcək Azərbaycan Qran-Prisinə biletlər satışdadır və dördgünlük biletlər yanvarın 15-dək 20 faiz endirimlə təklif olunur. Həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq. Bu kampaniya ilə yanaşı, yalnız yerli sakinlərə əlavə 25 faiz endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildir.
“Dördgünlük biletlərə tətbiq edilən endirim kampaniyasından əlavə, 2-15 yaşlı uşaqlar üçün də xüsusi endirimlər olacaq. Bu kampaniya yalnız dördgünlük biletlərə aiddir. Həmçinin azyaşlılar üçün olan dördgünlük biletlər yalnız böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Bundan başqa, yarışı ayaqüstü zonalardan izləmək istəyənlərə təklif olunan birgünlük biletlərə endirim şamil olunmur və bu biletlər tam qiymətlə satılır”, - deyə N.Arpadarai əlavə edib.
Dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq 210-710 manat arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Ayaqüstü zona üçün biletlərin qiymətləri isə 110-190 manatdır.

İdman 2019-12-03 18:50:00