Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında anlaşma memorandumu imzalanıb

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Azərbaycan könüllük həftəsi” çərçivəsində dekabrın 3-də “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə Milli Paralimpiya Komitəsi (AMPK) arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, AMPK-nın prezidenti İlqar Rəhimov tədbirdə çıxış edərək Azərbaycanda uşaqların, xüsusilə sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin diqqət və qayğı ilə tam əhatə olunduğunu bildirib. O, paralimpiyaçı idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları xüsusi vurğulayıb. “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə əməkdaşlığı yüksək qiymətləndirən komitə rəhbəri gələcək layihələrin həyata keçirilməsində miqrasiya könüllülərinin fəal iştirakına şərait yaradılacağını diqqətə çatdırıb.
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə AMPK, Bakı Nəqliyyat Agentliyi və “Parkcinema” kinoteatrlar şəbəkəsi birgə layihəyə imza atıblar. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud bir qrup uşaq “Parkcinema”da cizgi filmi izləyiblər. Onların asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən tədbir uşaqlara xoş ovqat bəxş edib.
Sonda xatirə şəkli çəkilib.

İdman 2019-12-03 17:11:00