Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Manilada qasırğa səbəbindən 300-ə yaxın aviareys ləğv edilib

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Filippinin paytaxtı Manilanın beynəlxalq aeroportunda “Tisoy” qasırğası səbəbindən 300-ə yaxın daxili və beynəlxalq aviareys ləğv edilib.
AZƏRTAC CNN Philippines telekanalına istinadla xəbər verir ki, Manila hava limanının fəaliyyəti yerli vaxtla səhər saat 11:00-da dayandırılıb. Aeroport nümayəndələri bu qərarın paytaxtda gözlənilən “dağıdıcı külək” səbəbindən verildiyini bildirib. Hava limanının fəaliyyətinin yerli vaxtla axşam saat 23:00-da bərpa olunacağı gözlənilir. Lakin hava şəraitindən asılı olaraq bu müddət uzadıla bilər.
“Tisoy” qasırğası dekabrın 2-də gecə saatlarında Sorsoqon əyalətindən Filippin ərazisinə daxil olub və özü ilə Manilaya leysan yağışları gətirib. Bu gün Luson adasının cənub hissəsinə çatan qasırğa hazırda Mindoro adası istiqamətində hərəkət edir. “Philippine Star” qəzetinin məlumatına görə, təbii fəlakət nəticəsində azı üç nəfər xəsarət alıb, təxliyə olunan insanların sayı isə 225 min nəfəri keçib. Güclü leysan yağışları səbəbindən 300 minə yaxın insan daşqın təhlükəsi ilə üzləşib.
Hakimiyyət orqanları təcili xidmət orqanları istisna olmaqla, Maniladakı bütün hökumət müəssisələrinin işini dayandırıb.
Sinoptiklərin məlumatına əsasən, qasırğanın yalnız dekabrın 5-də ölkə ərazisini tərk edəcəyi gözlənilir.

Dünya 2019-12-03 13:54:00