×
A
A
A
Sazlamalar

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq əlaqələri genişlənir

Bakı, 28 noyabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru Dmitriy Voyakin arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk dünyası tarixi-mədəni irsinin dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, xarici ölkələrdə təşkil etdiyi konfrans və seminarlardan söz açıb. Təşkilatlar arasında əməkdaşlığın vacibliyini vurğulayan G.Əfəndiyeva Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutu ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
D.Voyakin türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Fondun təsis edilməsinin əhəmiyyətini vurğulayıb və Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutu ilə birgə layihələrin keçirilməsinə dəstəyini ifadə edib. O, qurumun fəaliyyəti haqqında məlumat verərək, Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun əsas məqsədinin dünya birliyinin diqqətini Orta Asiyanın tarixi və mədəniyyətinə yönəltmək naminə çoxşaxəli araşdırmaların aparılmasını, eləcə də yerli və xarici mütəxəssislər arasındakı əməkdaşlığın gücləndirilməsini təmin etmək olduğunu bildirdib.
Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutu arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri qarşılıqlı müzakirə edilib. Tərəflər arasında birgə əməkdaşlığa dair memorandumun imzalanmasına qərar verilib. Memoranduma əsasən, arxiv materiallarının birgə öyrənilməsi, türkdilli xalqların mədəniyyətinin təbliği, o cümlədən Böyük İpək Yolunun araşdırılması və digər layihələr nəzərdə tutulur.

Mədəniyyət 2019-11-28 10:53:00