×
A
A
A
Sazlamalar

FHN: Ələt-Astara yolunda yanacaq daşıyan maşının yanması nəticəsində bir nəfər ölüb VİDEO

Bakı, 22 noyabr, AZƏRTAC 

Noyabrın 22-də saat 3:49-da Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Biləsuvar rayonu ərazisində, Ələt-Astara yolunun 102-ci kilometrliyində avtomobilin yanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Saat 4:10-da Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın avtomobili hadisə yerinə çatıb. DYMX-nin hadisə yerindəki əməkdaşı verilən ünvanda “KamAZ” markalı yanacaq daşıyan avtomobilin açıq alovla yanması və avtomobildə bir nəfərin qalması barədə məlumat verib.
Yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 21 nəfərlik şəxsi heyəti və 6 texnika cəlb olunub.
Müəyyən edilib ki, Bakıdan Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkət edən, 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlu tərəfindən idarə olunan “DAF” markalı 99-CZ-868 dövlət qeydiyyat nişanlı yanacaqla dolu avtoçənin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində avtomobilin çənində olan 38 ton “Aİ-93” (benzin) markalı yanacaq yanıb. Hadisə zamanı avtomobilin sürücüsü Kələntərov Yavər Rəşid oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan köməkçi sürücü 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlu əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.
Yanğın saat 5:40-da məhdudlaşdırılıb. Alov saat 08:41-də yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

 

Hadisə 2019-11-22 11:03:00

Video