×
A
A
A
Sazlamalar

“Dubai Airshow 2019” sərgisində ən müasir texnologiyalar nümayiş etdirilir

Bakı, 20 noyabr, AZƏRTAC 

Birləşmiş Ərəb Əmirliklərində noyabrın 17-dən 21-dək keçirilən “Dubai Airshow 2019” Beynəlxalq aviasiya və kosmik sərgisində ən müasir texnologiyalar nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, Dubayın Al-Maktum Aeroportunun yaxınlığında təşkil olunmuş bu tədbir Le-Burje və Farnboro sərgilərindən sonra dünyanın üçüncü böyük sərgisidir. Bu il sərgidə 1300 eksponent və 9 mindən çox ziyarətçinin iştirakı gözlənilir. Onun açılışında Baş Nazir və Dubay Əmiri şeyx Məhəmməd ibn Rəşid Al Maktum və Əbu-Dabinin vəliəhd şahzadəsi şeyx Məhəmməd ibn Zeyd Əl Nəhayan iştirak ediblər.
“Dubai Airshow 2019” sərgisində 165 uçan aparat nümayiş etdirilir. Tədbirin proqramına əsasən, Yaxın Şərqdə ilk dəfə aviasiya texnologiyasının son nailiyyəti olan “Lockheed Martin F-35 Lighting II” qırıcısı nümayiş olunmalı idi, lakin bu təyyarə uçuş yerinə yetirdikdən sonra aviasalonda qoyulmayıb. Bununla belə, sərgiyə gələnlərin diqqətini cəlb edən uçuş aparatları arasında MSA (Maritime Surveillance Aircraft) versiyası üzrə istehsal edilmiş yüngül ikimotorlu “Diamond DA62” təyyarəsi xüsusilə seçilib. Bu aparat dəniz sahəsini müşahidə etmək üçün nəzərdə tutulub. Təyyarənin “Trakka Systems SWE-400 LE” tezdəyişən optik-elektron sistemi bloku isə texnologiyanın son nailiyyəti hesab olunur. 2020-ci ilin yanvarından etibarən bu yüngül uçuş aparatının İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “Gabbiano TS-80” radiolokasiya stansiyaları ilə təchiz edilməsi də gözlənilir.
Aviasalonda ilk dəfə “Leonardo M-346” hərbi-təlim təyyarəsi də nümayiş etdirilib. Bu təyyarədə yeddi asma nöqtəsi və X diapazonlu “Leonardo Grifo 346” radiolokasiya stansiyası quraşdırılıb. Digər müasir hərbi təyyarə - “B-250 Bader” isə Əmirliyin “Calidus” şirkətinin istehsalıdır. Sərgidə Pakistanın “Aeronautical Complex” dövlət korporasiyasının buraxdığı “Super Mushshak” hərbi-təlim təyyarəsi də nümayiş olunur.
“Dubai Airshow 2019” sərgisində diqqəti ən çox cəlb edən eksponatlar pilotsuz helikopterlərdir. Onların arasında şaquli uçuş və eniş aparatı olan Çinin AVIC korporasiyasının “U8EW” helikopteri meqapolislərdə xidmət üçün nəzərdə tutulub. Digər yüksək texnologiya nümunəsi – helikopter tipli SY261H uçuş aparatı isə Çinin “Shenzhen Sunwin” şirkətinin istehsalıdır.

 

Texnologiya 2019-11-20 13:19:00