×
A
A
A
Sazlamalar

“Uşaqların zorakılıqdan müdafiəsi” mövzusunda təlim keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində noyabrın 18-də 80 saylı orta məktəbdə “Uşaqların zorakılıqdan müdafiəsi” mövzusunda təlim keçirib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə 40 uşaq, 10 valideyn və müəllim heyəti iştirak edib. Tədbir çərçivəsində uşaqlara mövzu üzrə bukletlər paylanıb. Təlimlər zamanı uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi ilə bağlı çəkilmiş videoçarx nümayiş edilib və müzakirələr aparılıb.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq uşaqların öz hüquqları ilə bağlı maarifləndirilməsi, onların potensialının aşkar edilməsi, müstəqil özünüifadə bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə fəal iştirakının təmin edilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirir. Keçirilən tədbirlər uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.
Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkəmizin bu sahədə beynəlxalq sənədlərə qoşulması ilə əlaqədar işlər görülür. “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası 2010-cu ildə imzalanıb. 2011-ci ildə isə Avropa Şurası Parlament Assambleyası tərəfindən konvensiyanın təbliği üçün üzv dövlətlərdə “Hər beş uşaqdan biri” kampaniyasına başlanıb. Kampaniyanın məqsədi Avropa Şurasına üzv dövlətlərə bu sənədin mahiyyəti və vacibliyinin təbliği və qəbul olunması, eləcə də uşaq hüquqları ilə bağlı milli qanunvericiliyin konvensiyaya uyğun tənzimlənməsidir. “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Konvensiyanın təsdiq edilməsi məqsədilə Azərbaycanda bu il oktyabrın 22-də qanun qəbul edilib. Qanun uşaqlara qarşı cinsi zorakılıq hallarının aradan qaldırılmasında daha səmərəli tədbirlərin görülməsinə imkan verir.

Cəmiyyət 2019-11-18 18:24:00