×
A
A
A
Sazlamalar

Azərbaycan səfiri “Amerika türkü” jurnalının mükafatına layiq görülüb

Vaşinqton, 18 noyabr, AZƏRTAC 

ABŞ Ticarət Palatasının Vaşinqton şəhərindəki inzibati binasında Birləşmiş Ştatlarda aparıcı türk nəşri olan “Amerika türkü” jurnalının qala gecəsi keçirilib. 2014-cü ildən bəri keçirilən bu mərasimdə jurnal müxtəlif kateqoriya üzrə mükafatlar təqdim edib. Bu il mükafat qazanan 12 şəxsin arasında ABŞ-ın sabiq Daxili İşlər və Təbii Sərvətlər naziri Rayan Zinke, türk icmasının aparıcı şəxsləri, iş adamları, jurnalistlər, o cümlədən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri də olub.
Tədbirin təşkilatçıları tərəfindən Azərbaycan səfiri Elin Süleymanova “Diplomatiyada nailiyyət” kateqoriyası üzrə fəxri mükafat təqdim edilib.
Tədbirdə çıxış edən diplomat jurnalın kollektivinə uğurlar arzulayıb, təşkilatçılara minnətdarlıq edib. O, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq Azərbaycanın daim Türkiyənin yanında olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığının davamlılığı və sarsılmazlığı və bu qardaşlığın gücləndirilməsinə önəm verir. Səfir, eyni zamanda, bu yaxınlarda Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar Türkiyənin müxtəlif məşhur simalarının sosial şəbəkələr vasitəsilə səsləndirdikləri səmimi təbriklərinin Azərbaycan ictimaiyyətində böyük məmnuniyyətlə qarşılandığını bildirib.
Hər il keçirilən bu mükafatlandırma mərasimi ötən il Nyu-York şəhərindəki Harvard Klubunda təşkil edilib. Mərasimdə Türkiyə ilə dost olan otuz amerikalı mükafatlandırılıb.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Cəmiyyət 2019-11-18 17:00:00