×
A
A
A
Sazlamalar

UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb

Paris, 18 noyabr, AZƏRTAC

Parisdə keçirilən UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində Xarici İşlər nazirinin müavini Ramiz Həsənov qurumun baş direktorunun Afrika ilə bağlı prioritetlər və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-UNESKO əlaqələri müzakirə olunub.
Ramiz Həsənov ölkəmizin UNESKO ilə münasibətlərə böyük önəm verdiyini, bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkəmizin qurumla əməkdaşlıqda onun Afrika ilə bağlı prioritetlərinə xüsusi dəstək verdiyini bildirib.
Nazir müavini bu istiqamətdə 2013-cü ildə imzalanmış Çərçivə Sazişi çərçivəsində Azərbaycanın inkişaf etməkdə olan Afrika, Asiya və Latın Amerikası ölkələrinə bir sıra sahələrdə göstərdiyi dəstəyi qeyd edib.
Görüşdə Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) fəaliyyətinə də toxunulub. Agentliyin fəaliyyətinin coğrafiyasının genişləndiyini diqqətə çatdıran Ramiz Həsənov qurumun həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verib. Bildirib ki, ölkəmiz Afrikanın inkişafına xüsusi dəstəyini davam etdirəcək.
Qeyd edilib ki, inkişaf etməkdə olan ölkələrə yardım məsələsi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə prioritet istiqamətlərdən olacaq.
Firmin Eduard Matoko UNESKO-nun prioritet sahələrindən olan Afrikaya verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Sonra sözügedən sahədə əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin vacibliyinə toxunulub, Afrika qrupu ölkələri ilə əlaqələrin genişləndirilməsi və körpü yaradılması istiqamətində perspektivlərə dair fikir mübadiləsi aparılıb.


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Siyasət 2019-11-18 15:23:00