×
A
A
A
Sazlamalar

Yevlaxda keçirilən yunan-Roma güləşi üzrə rayon birinciliyində 80 idmançı mübarizə aparıb

Yevlax, 17 noyabr, AZƏRTAC

Yevlax rayon Xaldan kənd kompleks orta məktəbinin idman zalında 17 noyabr - Milli Dirçəliş günü münasibətilə keçirilən uşaq və yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyi yarışda Gəncə, Yevlax, Mingəçevir şəhərləri, Şəmkir və Goranboy rayonlarını təmsil edən 80 idmançı mübarizə aparıb.
Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Tural İsmayılov, Gənclər və İdman İdarəsinin rəis müavini Samir Kərimov və başqaları çıxış edərək, Milli Dirçəliş Gününün əhəmiyyətindən, Azərbaycan xalqının həyatındakı rolundan danışıb, idmançılara uğurlar arzulayıblar.
Çıxışlardan sonra yarış başlayıb. Birincilikdə idmançılar 10 çəki dərəcəsi üzrə yarışıblar. Gərgin mübarizə şəraitində keçən yarışda komanda hesabında Yevlax idmançıları birinci, Mingəçevir idmançıları ikinci, Goranboy idmançıları isə üçüncü yerə çıxıb. Qaliblərə diplom və fəxri fərmanlar təqdim edilib.

 

Regionlar 2019-11-17 19:27:00