×
A
A
A
Sazlamalar

Nəsimi rayon məktəbliləri maarifləndirici tur-aksiyadan zəngin təəssüratlarla qayıdıblar

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakının Nəsimi rayonunun məktəbliləri Gəncə şəhərindən, Şəmkir və Göygöl rayonlarından qayıdıblar.
Ekskursiyadan geri qayıdan məktəbliləri Nəsimi Rayon İcra Hakimiyyətində valideynləri və müəllimləri qarsılayıblar. Tur-aksiyanı uğurla başa vurmuş məktəblilər təəssüratlarını bölüşərək bu cür layihələrin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.
19 saylı tam orta məktəbin şagirdi Ramin Kərimzadə AZƏRTAC-a müsahibəsində tur-aksiyadan məmnun qaldığını bildirib. O, dördgünlük səfər çərçivəsində Gəncənin, Şəmkirin və Göygölün görməli yerləri ilə yaxından tanış olduqlarını deyib. R.Kərimzadə Göygölün təbiətinin onları heyran etdiyini bildirib. Məktəbli Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsini ziyarət etdiklərini, Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq muzeyinə, eləcə də Nizami və Məhsəti muzeylərinə baş çəkdiklərini qeyd edib.
Səfərdən zəngin təəssüratlarla qayıtdığını deyən 151 saylı tam orta məktəbin şagirdi Fidan İsmayılova tur-aksiya zamanı unudulmaz anlar yaşadıqlarını və çoxsaylı dostlar qazandıqlarını söyləyib. “Doğma diyarımızın gözəl bölgələrində olduq. Təəssüratlarım zəngindir. Getdiyimiz yerlərdə kitablardan oxuduğumuz tarixi abidələrlə əyani tanışlıqdan böyük zövq aldıq. Ölkəmizin gözəl təbiətini, zəngin tarixi və mədəniyyətini bizə yaxından tanıtdıran bu tur-aksiyadan məmnun qaldıq, üstəlik çoxsaylı dostlar qazandıq”, - deyə şagird bildirib.

Cəmiyyət 2019-11-16 19:05:00