×
A
A
A
Sazlamalar

“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır

Bakı, 15 noyabr, AZƏRTAC 

“Bakı Ağ Şəhər” layihəsində mövcud yaşıllıqların və parkların bərpası ilə yanaşı, yeni yaşıllaşdırılmış istirahət zonaları yaradılır.
“Bakı Ağ Şəhər”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son illər ərzində “Ağ Şəhər”də bağlar salınıb, Fəvvarələr Meydanı Parkı və piyada zolaqlarında minlərlə dekorativ və meyvə ağacları, kollar əkilib.
Hazırda “Park kvartal”ın 20 mərtəbəli binaları ilə Nizami parkının sərhədində yaşıllıq məkanı salınır – çinar, zeytun, palma, şam ağacları, sərv və çoxlu sayda digər ağaclar əkilir, ağacların əhatəsində oturacaqlar quraşdırılır.
Həmçinin burada XIX əsrin sonları XX əsrin əvvəllərində neft çənləri və rezervuarlarını əhatə edən istinad divarı və 1890-1940-cı illərdə əhaliyə təmiz suyun paylanmasını təmin edən su pavilyonu bərpa edilərək landşafta uyğunlaşdırılıb.
Bundan başqa, yaşıllaşdırılmış istirahət zonasından istinad divarı boyunca “Olimpiya kvartalı” istiqamətində xüsusi dizaynlı piyada keçidi tikilib. İstirahət zonasında “Bakı Ağ Şəhər” və parka giriş kompozisiyası quraşdırılacaq.

Tikinti̇ 2019-11-15 17:20:00