×
A
A
A
Sazlamalar

KOB-lar Beynəlxalq Ətraf Mühit Sərgisində məhsul və xidmətlərini təqdim edirlər

Bakı, 13 noyabr, AZƏRTAC

Kiçik və orta sahibkarlar noyabrın 13-də Bakı Sərgi Mərkəzində açılan X Beynəlxalq Ətraf Mühit Sərgisində ("Caspian Ecology 2019") məhsul və xidmətlərini təqdim edirlər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, agentliyin təşkilatçılığı, BP şirkəti və “PAŞA Holdinq”in dəstəyi ilə KOB-lar üçün ayrılmış xüsusi stenddə sahibkarlar soyuq sıxma üsulu ilə hazırlanmış orqanik bitki yağları, ekoloji çantalar, təkrar emal məhsulları, alternativ enerji vasitələri, su və külək turbinləri, günəş batareyaları, ekoloji təmiz qida məhsulları, meyvə quruları, çaylar və sair məhsullarını nümayiş etdirirlər.
KOB-ların təqdim etdiyi məhsullar sərgini ziyarət edən yerli və xarici qonaqlar tərəfindən maraqla qarşılanır. Sərgi noyabrın 15-dək davam edəcək.
Qeyd edək ki, KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri kiçik və orta sahibkarlıq subyektlərinin bazarlara çıxışına dəstək olmaqdır. Bu məqsədlə agentlik müxtəlif dövlət dəstəyi mexanizmləri çərçivəsində KOB-lara dəstək göstərir ki, bunlardan biri də sahibkarların ixtisaslaşmış sərgilərdə iştirakının təmin edilməsidir. Bu dəstək çərçivəsində KOB-lar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edir, satış imkanlarını genişləndirir, yeni biznes əlaqələri qururlar.

Sərgilər 2019-11-13 15:39:00