×
A
A
A
Sazlamalar

Quba və Qusarda turizm sahəsində fəaliyyət göstərən bələdçilər təlimlərə cəlb olunub

Quba, 12 noyabr, Elxan Yusifli, AZƏRTAC 

Quba və Qusar rayonlarında yaşayan və turizm sahəsində fəaliyyət göstərən bələdçilər təlimlərə cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Turizm Bürosu və Azərbaycan Turist Bələdçiləri Assosiasiyasının dəstəyi ilə Quba Destinasiya Menecmenti Təşkilatı tərəfindən keçirilən 3 günlük təlimlər “Quba-Qusar iqtisadi regionu üzrə turizm bələdçilərinin hazırlığı” mövzusunu əhatə edib.
Regionun turizm və mədəniyyət sahələrində çalışan iştirakçılardan ibarət təlimdə Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova gəzinti, avtobus və məkan turları üzrə həm nəzəri, həm də praktiki bilikləri tədris edib.
Məkan turu üçün praktik ərazi olaraq Quba Soyqırımı Memorial Kompleksi, gəzinti və avtobus turu üçün isə Quba rayonunun mərkəzi və dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbə seçilib.
Tematik marşrutlara Quba-Qusar regionunun ən çox ixtisaslaşdığı dağ-təbiət turizmi, dağ yəhudilərinin mədəni irsi, qış turizmi və etnoturizm kimi mövzular daxil edilib.
Təlim çərçivəsində iştirakçılara müxtəlif praktiki tapşırıqlar verilib və bilik səviyyələrinin müəyyən edilməsi məqsədilə imtahan keçirilib.
Noyabr ayı ərzində məlum olacaq imtahan nəticələrindən sonra yetərli bal toplayan iştirakçılar “Regional turizm bələdçisi” şəhadətnaməsi ilə, digərləri ilə dinləyici sertifikatı ilə təltif olunacaqlar.
Qubadan əvvəl Şəki və Şəmkir şəhərlərində keçirilən təlimlər ölkəmizin digər bölgələrində də davam etdiriləcək.

 

Regionlar 2019-11-12 13:16:00