×
A
A
A
Sazlamalar

ABŞ birləşmiş qərargah rəisləri komitəsinin sədri Tokio ilə Seul arasında mübahisəni həll etmək niyyətindədir

Tokio, 12 noyabr, AZƏRTAC
ABŞ birləşmiş qərargah rəisləri komitəsinin sədri general Mark Milli Tokio ilə Seul arasında kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı mübahisəni həll etmək niyyətindədir. Bu barədə o, Yaponiyanın Baş Naziri Şinzo Abe ilə noyabrın 12-də Tokioda keçirilən görüş zamanı bildirib.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın Yaponiyadakı bürosuna verilən məlumata görə, tərəflər ikitərəfli strateji əməkdaşlıq və Asiya-Sakit okean regionunda vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.
Ş.Abe və M.Milli Cənubi Çin və Şərqi Çin dənizlərində status-kvonun birtərəfli qaydada dəyişdirilməsinə cəhdlərlə bağlı narahatlıqlarını ifadə ediblər. Bundan əlavə, Şimali Koreyanın son raket buraxılışları ilə bağlı fikir mübadiləsi aparan tərəflər Tokio, Vaşinqton və Seul arasında üçtərəfli əməkdaşlığın zəruriliyini bir daha təsdiq ediblər.
Görüşdən sonra jurnalistlərlə görüşən M.Milli bildirib ki, ABŞ Yaponiya ilə Cənubi Koreya arasında GSOMIA müqaviləsi ilə əlaqədar mübahisənin həllinə çalışır. General deyib: “Bu, orada aparılacaq müzakirənin mövzusu olacaq. Çünki biz yaranmış problemi müqavilənin vaxtı başa çatanadək həll etmək niyyətindəyik”.
Xatırladaq ki, Yaponiya ilə Cənubi Koreya arasında kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutan GSOMIA müqaviləsi 2016-cı ilin noyabrında imzalanıb. Sənəd Cənubi Koreya tərəfindən Şimali Koreyanın ballistik raket buraxılışları barədə radar məlumatlarının, həmçinin humanitar xarakterli informasiyaların Yaponiyaya ötürülməsini nəzərdə tutur. Tokio isə bunun əvəzində kəşfiyyat təyyarələri tərəfindən Şimali Koreyanın sualtı qayıqları, həmçinin Pxenyan tərəfindən buraxılan ballistik raketlərlə əlaqədar süni peyklərin məlumatlarını Seula verməlidir.
Yaponiya şirkətlərinin II Dünya müharibəsi zamanı məcburi əməklə bağlı Cənubi koreyalı fəhlələrə əlavə konpensasiyanın ödənilməsi barədə bu ölkənin Ali Məhkəməsinin qəbul etdiyi qərarları icra etməkdən imtina etməsinə cavab olaraq Seul noyabrın 23-də başa çatacaq müqaviləni dayandırmaq qərarına gəlib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-11-12 12:52:00