×
A
A
A
Sazlamalar

Naxçıvan şəhərində ötən 10 ayda 16900-dən çox sığorta müqaviləsi bağlanılıb

Naxçıvan, 12 noyabr, AZƏRTAC

Naxçıvan şəhərində sığorta fəaliyyətinin genişləndirilməsi istiqamətində görülmüş işlər nəticəsində cari ilin 10 ayında 16 min 920 sığorta müqaviləsi bağlanılıb. Onlardan 3 min 186 müqavilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 6 min 152 müqavilə isə daşınmaz əmlakın icbari sığortası üzrə olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb. O, yaşayış binalarının və mənzillərin qanunvericiliyə uyğun olaraq icbari qaydada sığortalanması üçün maarifləndirmə işlərinin genişləndirildiyini bildirib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında müasir cəmiyyətdə sığortanın əhəmiyyətindən və onun inkişaf perspektivlərindən söz açıb. Qeyd edib ki, muxtar respublikada sığorta işinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzində saxlanılır. Sığorta ödənişlərinin əhəmiyyətindən bəhs edən baş direktor vaxtında sığorta müqaviləsi bağlamağın üstün cəhətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Hikmət Əsgərov deyib ki, qanuna əsasən icbari qaydada sığorta olunmalı olan hər bir obyektin sığortası təmin edilməlidir. Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi Naxçıvan şəhərində sığorta işinin daha da inkişafı, əhali arasında maarifləndirmə işinin, sığortanın kütləviliyinin təmin olunması və sığorta mədəniyyətinin artırılması üçün tədbirlər görülməlidir.
Baş direktor könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunaraq vurğulayıb ki, Naxçıvan şəhərində bu sahədə aparılan maarifləndirmə işləri genişləndirilməlidir. Kənd təsərrüfatı sığortası ilə yanaşı, ev əmlakının sığortası, fərdi qəza sığortası və digər könüllü sığortaların inkişafı, son nəticədə insanların rifahının yüksəldilməsinə xidmət edir.
Tədbirin sonunda sığorta işinin günün tələbləri səviyyəsində qurulması istiqamətində müvafiq təşkilatlara tapşırıqlar verilib.

Regionlar 2019-11-12 12:08:00