Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Praqada “Buta” həftə sonu məktəbinin birinci dərsi keçirilib

Praqa, 11 noyabr, AZƏRTAC

Çexiyada fəaliyyət göstərən “Azerbaijani Community in the Czech Republic” (ACCR) cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın Praqadakı səfirliyində bu ölkədə yaşayan soydaşlarımızın uşaqları üçün təsis edilmiş “Buta” həftə sonu məktəbinin birinci dərsi keçirilib.
AZƏRTAC xəbər verir ki, həftə sonu məktəbinin təşkilatçısı Eldar Vəliyev şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, həftə sonu məktəbinin yaradılmasında əsas məqsəd vətəndən uzaqlarda böyüməkdə olan nəslə ana dilini öyrətmək, onları xalqımızın adət-ənənələri, tarixi, mədəni irsi ilə tanış etməkdən ibarətdir. O, məktəbin təşəbbüsçüsü olan çex vətəndaşı və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Çexiyadakı nümayəndəsi Elşad Tağıyevə öz dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, ACCR-in təşkil etdiyi həftə sonu məktəbində şagirdlər yaş fərqinə görə iki qrupda təhsil alacaq. Ayda iki dəfə keçirilən dərslərdə müəllimlər Leyla Musayeva və Rəna Abubəkirova uşaqlara başqa bilgilərlə yanaşı ilk növbədə Azərbaycan əlifbasını və Azərbaycan dilini tədris edəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Cəmiyyət 2019-11-11 23:18:00