×
A
A
A
Sazlamalar

Dövlət Bayrağı Günü münasibətilə Küveytin nüfuzlu qəzetlərində məqalə dərc olunub

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar bu ölkənin ərəb dilində nəşr olunan və geniş oxucu kütləsinə malik gündəlik “Əl-Jarida”, “Əl-Nahar”, “ƏI-Vasat” qəzetlərində və “Dasmannews” elektron xəbərlər portalında geniş məlumat dərc etdirib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, kütləvi informasiya vasitələrində noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunduğu, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladığı, həmin il dekabrın 4-də isə Milli Məclisin noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirməsi barədə məlumatlar oxuculara təqdim olunub. Müstəqilliyin bərpasından sonra Azərbaycanın dövlət bayrağının milli suverenliyin əsas atributlarından biri kimi ölkəmizin bütün vətəndaşları üçün dövlətçiliyin müqəddəs rəmzlərindən birinə çevrildiyi qeyd edilib.
Məqalələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirməsinin, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənməsi, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetinin “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu qəbul edərək onu dövlət bayrağı elan etməsi xüsusi vurğulanıb.
Bundan başqa, yazılarda müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifinin görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin olması da ayrıca vurğulanıb.

Siyasət 2019-11-11 15:33:00