×
A
A
A
Sazlamalar

Oğuz rayonunda 15 bələdiyyəyə 137 üzv seçiləcək

Oğuz, 11 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

117 saylı Oğuz-Qəbələ seçki dairəsində bələdiyyə seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na uyğun davam etdirilir.
Dairə seçki komissiyasının sədri Rəsul Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə üzrə 24 bələdiyyəyə ümumilikdə 222 nəfər bələdiyyə üzvü seçiləcək. Bu bələdiyyələrin 15-i Oğuz, 9-u isə Qəbələ rayonunun ərazisində fəaliyyət göstərir. Oğuz rayonu üzrə 137, Qəbələ rayonunun bu dairəyə aid ərazisində isə 85 nəfər bələdiyyə üzvü seçiləcək.
Hazırda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi davam edir. Bu günədək Oğuz rayonu üzrə 474, Qəbələ rayonu üzrə 302 nəfər olmaqla, ümumilikdə 776 nəfərin namizədliyi irəli sürülüb. Onlardan 219 nəfəri Yeni Azərbaycan Partiyasını, 7 nəfər Azərbaycan Demokratik Maarifçilik, 6 nəfər Böyük Quruluş, 5 nəfər isə Ana Vətən partiyalarını təmsil edirlər. 539 nəfərin namizədliyi öz təşəbbüsləri ilə irəli sürüb.
Dairə seçki komissiyası sədrinin sözlərinə görə, bu günədək 381 nəfərin namizədliyi qeydə alınıb.
Dairənin tərkibinə daxil olan 61 seçki məntəqəsinin 37-si Oğuzda, 24-ü isə Qəbələ rayonu ərazisində yerləşir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, seçicilərin ümumi sayı 47 min 107 nəfərdir. Bütün seçki məntəqələri səsvermə gününə tam hazır vəziyyətdədir.

 

Regionlar 2019-11-11 15:16:00