×
A
A
A
Sazlamalar

Dövlət Bayrağı Günü ilə əlaqədar Haaqada keçirilən tədbir Niderland və Belçikadakı soydaşlarımızı bir araya gətirib

Haaqa, 10 noyabr, AZƏRTAC

Niderland Krallığında Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası və Azərbaycanın Niderlanddakı səfirliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Səfirliyin binasında keçirilən tədbirdə Niderlandda və Belçikada yaşayan soydaşlarımız, Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və səfirlik nümayəndələri iştirak ediblər.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası Dövlət Bayrağı Günü münasibətilə bu ölkələrdə yaşayan soydaşlarımızı bir araya gətirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə soydaşlarımızla yanaşı, Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və səfirliklərin nümayəndələri də iştirak ediblər.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva tədbiri açaraq bildirib ki, bayraq qürur mənbəyimiz, hər bir dövlətin rəmzidir. O deyib: “Qürurla daşıdığımız üçrəngli bayrağımızın tarixi 1918-ci il noyabrın 9-na təsadüf edir. Düz 101 il öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilib. Ancaq təəssüf ki, müstəqilliyimiz kimi, bayrağımızın da cəmi varlığı 2 il davam edib və 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilib. Bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında bərpa edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev noyabrın 9-nun hər il Dövlət Bayrağı Günü kimi qeyd olunması haqqında Sərəncam imzalayıb".
Xaricdə yaşayan hər bir azərbaycanlının evində ən azı bir bayrağımızın olduğunu deyən M.Ağamirzəyeva bildirib ki, bu bayraqlar övladlarımızın milli ruhda tərbiyə edilməsi, Vətənini sevməsi, dövlət atributumuzun daşıdığı rənglərin öyrədilməsi ilə yanaşı, lazım gəldikdə doğma Azərbaycanın haqq səsinin yaşadıqları ölkələrdə duyulması üçün keçirilən mitinqlərdə, yürüşlərdə istifadə olunur. Hamımızın ən böyük arzusu bu gün Cocuq Mərcanlıda dalğalanan bayrağımızın Qarabağda ucalmasıdır. Buna inanırıq, çünki Prezident İlham Əliyevin də söylədiyi kimi, “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!”.
Sonra çıxış edən Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili Selcan Verdiyeva deyib: "Bizim bayrağımızın çox önəmli bir prinsipi var. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin sözləri ilə desək, biz türk qanlı, İslam imanlı, Avropa mədəniyyətli bir xalqıq. Bayrağımızdakı rənglərin tərənnüm etdiyi prinsiplər 1918-ci ildə xüsusilə çox önəmli idi. Çünki o dövrdə qurulan gənc respublika müsəlman Şərqində, ümumiyyətlə, türk-İslam dünyasında ilk demokratik cümhuriyyət, dünyəvi dövlət idi. Üçrəngli bayrağımız da o dövrdə bənzəri olmayan, müasir ideyalara əsaslanan bir dövləti xarakterizə edirdi".
S.Verdiyeva qeyd edib ki, həmin dövrdən 101 il keçməsinə və bu dövrün 70-dən çox hissəsini sovet imperiyasının əsarəti altında olmağımıza baxmayaraq, bayrağımızın tərənnüm etdiyi prinsiplər xalqımız tərəfindən unudulmayıb və yaşadılır. Xüsusilə xaricdəki həmvətənlərimiz hər məqamda türk qanını, İslam imanını və müasirliyimizi yaşadıqları ölkələrdə tərənnüm edirlər, bayrağımızın ideyalarına uyğun layiqli gənclər yetişdirirlər.
Müvəqqəti işlər vəkili çıxışını M.Ə.Rəsulzadənin məşhur sözləri ilə bitirib: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”.
Sonra Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və digər təşkilat rəhbəri Sima Cəfərova çıxış ediblər.
Tədbir bayraq haqqında sənədli filmin nümayişi və “Odlar Yurdu” Niderland-Azərbaycan təşkilatının sədri Firəngiz Bağırovanın, gənc müğənnilər Sadıx Ağamalıyev və Nicatın konsert proqramı ilə başa çatıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa

Cəmiyyət 2019-11-10 14:32:00