Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yeni ailə quran zaqatalalı gənclər nikahlarını Dövlət Bayrağı Günündə rəsmiləşdiriblər

Zaqatala, 9 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində 9 noyabr - Dövlət Bayrağı Günündə yeni ailə quran gənclərin nikah mərasimi olub.
Yeni ailə quran rayonun Əliabad qəsəbəsinin sakinləri Qaraqadayev Yusif və Sədaqət Balacayeva, Teyyub Həsənov və Arzu Ramazanova əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra Mərkəzdə yeni ailə quran gənclərin nikah aktının imzalanması mərasimi keçirilib.
Cütlüklərin doğmalarının da iştirak etdiyi mərasimdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova və Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış edərək, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb, ailə dəyərlərinin qorunmasının vacibliyini vurğulayaraq, yeni ailə quran gənclərə xoşbəxt ailə həyatı arzulayıblar.
Əliabadlı gənclər əlamətdar tarixi bir gündə - Dövlət Bayrağı Günündə keçirilən bu nikah mərasimini həyatlarının ən xoşbəxt anı kimi daim xatırlayacaqlarını bildiriblər.
Mərkəzin direktoru Famil Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Zaqatala rayonunda yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi artıq bir ənənəyə çevrilib. Təkcə bu ilin on ayı ərzində Mərkəzdə 235 nikah rəsmiləşdirilib.

Regionlar 2019-11-09 21:14:00