Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

DSX-nin gənc əsgərləri Vətənə sədaqət andı içiblər VİDEO

Bakı, 9 noyabr, AZƏRTAC

Noyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf edən mərasimdə üçrəngli bayrağımızın milli suverenliyin simvolu kimi bütün ölkəmizin vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən biri olması, hər bir azərbaycanlı tərəfindən ona böyük hörmət və ehtiramın nümayiş etdirilməsi qürur hissi ilə vurğulanıb, Prezident İlham Əliyevin dövlət bayrağımıza yüksək məhəbbətin təzahürü olan “Bizim bayrağımız qürur mənbəyimizdir. Bu bayraq bizim milli dəyərimizdir” sözləri iftixarla xatırlanıb.
Mərasimdə çıxış edənlər ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycanın sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını xüsusi qeyd ediblər. Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə olunub.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmin edilməsi, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınması uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanıb.
Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş olub, onları maraqlandıran suallar cavablandırılıb.

Cəmiyyət 2019-11-09 14:36:00

Video