Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yol polisi piyadalara və sürücülərə xəbərdarlıq edib

Bakı, 8 noyabr, AZƏRTAC 

Yol polisi piyadalara və sürücülərə xəbərdarlıq edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, ilin əvvəlindən bu günədək paytaxtda qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir. Bu ağır nəticələr dövlət yol polisi əməkdaşlarını və rəhbərliyini ciddi narahat edir. Həmin hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir. Bir daha piyadalara müraciət edərək bildiririk ki, yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə yolverilməzdir. Avtomobilin tam dayandığına əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu təkcə yox, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur.
V.Əsədov qeyd edib: “Yol hərəkəti haqqında qanunun” 40-cı maddəsinin tələblərini görə, əgər piyadalar qaydanı pozursa cərimə olunurlar. Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçməyə görə 20, sürət həddi saatda 80 kilometrdən çox olan yerlərdən keçməyə görə isə 40 manat məbləğində cərimə nəzərdə tutulur. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir. Sürücülər xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar. Piyada vuran zaman sürücü də məsuliyyət daşıyır. Bir çox hallarda həbs olunur. Amma qeyd edim ki, piyadaların günahı ucbatından baş verən qəzalar daha çoxdur. Piyadalar da bilməlidir ki, əgər qəza onların günahı ucbatından baş verirsə, hadisələrin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibatı məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

Sosial 2019-11-08 17:02:00