Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sumqayıtda Bayraq Gününə həsr olunan bayram konserti atəşfəşanlıqla başa çatıb

Sumqayıt, 8 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə açıq havada respublikanın tanınmış incəsənət ustalarının iştirak ilə konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də şəhərin əsas meydanında keçirilən tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Tədbirdə dövlət bayrağının rəmzi mənalarına toxunulub, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin 2009-cu il tarixli fərmanı ilə hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Bildirilib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.
Qeyd edilib ki, noyabrın 22-də Sumqayıta şəhər statusunun verilməsinin 70 ili tamam olur. Gənclik şəhəri olan Sumqayıtın gözəllik və gənclik ruhundan illər heç nə qopara bilməyib, əksinə, daha təravətli, təmiz, səliqəli, abad, müasir bir şəhərə çevrilib. 70 il sadəcə olaraq bir təqvim göstəricisi deyil, qurub yaradanların ömür yolu, zəhmət salnaməsi və şərəf tarixidir. Bu, Sumqayıtda çalışan, onu quran, yaradan, gözəlliklər məskəninə çevirən, inkişaf etdirən insanların çoxillik zəhmətinin və fədakar əməyinin qürur və fərəh doğuran nəticəsidir.
Tədbir konsertlə davam edib. Bayram konserti atəşfəşanlıqla başa çatıb.

Regionlar 2019-11-08 16:03:00