Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Qanlı daş” romanının Alanyada imza günü keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, yazıçı Nizami Muradoğlunun “Baba ocağı” romanı Türkiyənin Alanya şəhərində “Baygenç Yayıncılık” nəşriyyatında “Kanlı taş” (“Qanlı daş”) adı ilə çap edilib. “Baygenç Yayıncılık” və Akademiya Kitab Evi tərəfindən Alanyaya dəvət olunan yazıçı ilə şəhərin müxtəlif təşkilatlarında oxucuların görüşü keçirilib.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, Türk Təhsil Birliyi Antalya 2 nömrəli şöbənin rəhbəri Burhan Ulu bəy ilə keçirilən görüşdə N.Muradoğlu kitabın yazılması haqqında ətraflı məlumat verib. Bildirib ki, 2014-cü və 2016–cı illərdə Bakıda “Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunan “Baba ocağı” romanında təsvir edilən hadisələr XX əsrin əvvəllərində Azərbaycanın Naxçıvan bölgəsində cərəyan edir. Naxçıvanda erməni təcavüzünü real boyalarla əks etdirən kitab tarixi roman janrının mükəmməl nümunələrindəndir.
“Mehmet Arif Türktaş Anadolu”, “Türkler İMKB Sosyal Bilimler”, “Nimet Alaattinoglu Anadolu”, “Alanya Kız Anadolu İmam Hatip” liseylərində keçirilən görüşlərdə Nizami Muradoğlu ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar haqqında danışıb. Həmçinin Xocalı soyqırımı ilə bağlı AMEA-nın Folklor İnstitutunun studiyası tərəfindən hazırlanmış görüntülər nümayiş etdirilib.
Sonda kitablar müəllif tərəfindən imzalanıb.

Elm və təhsil 2019-11-08 16:05:00