Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AMEA-da türkiyəli yazıçının kitabının təqdimatı olub

Bakı, 8 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyə Yazıçılar Birliyinin üzvü, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Bəxtiyar Aslanın yaradıcılığından və “Üç əqrəb zamanı” kitabının məziyyətlərindən danışıb. Akademik bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsinin nəşri olan bu əsər Türkiyə və Azərbaycan ədəbiyyatının təbliği yolunda önəmli hadisələrdən biridir. Qeyd edilib ki, Bəxtiyar Aslan Türk Ədəbiyyatı Vəqfi İdarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Şeirləri, hekayə və esseləri, araşdırma yazıları müxtəlif dərgilərdə işıq üzü görüb. Yazıçı “Şəhərin xəbəri yox”, “Cənnətin son saatları”, “Qar və düyün”, “Yazının kölgəsi” və s. kitabların müəllifidir.
Sonra AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Bəxtiyar Aslanın modern hekayəçiliyinə Azərbaycan ədəbiyyatı kontekstindən baxış” mövzusunda məruzə ilə çıxış edib. O, Bəxtiyar Aslanın əsərlərini düşüncə hekayələri kimi səciyyələndirib.
Tədbirdə, həmçinin filologiya üzrə elmlər doktoru, professor Salidə Şərifova, filologiya üzrə fəlsəfə doktorları Xuraman Hümmətova, Lalə Həsənova və Eşqanə Babayeva kitab haqqında fikirlərini bildiriblər.
Sonra Bəxtiyar Aslan çıxış edərək təqdimat mərasiminin təşkili üçün institutun rəhbərliyinə minnətdarlığını bildirib.
Türkiyənin Ardahan Universitetinin rektoru Ramazan Korkmaz və Qazaxıstandan olan ədəbiyyatşünaslar da çıxışlarında bu tipli tərcümə işlərinin ümumtürk ədəbiyyatına müsbət təsirindən söz açıblar.
Qeyd edək ki, “aybKitab” layihəsinin rəhbəri Xəyal Rza, kitabın tərtibçisi və “Ön söz”ün müəllifi Təranə Vahid, korrektoru isə Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Vəliyevadır.



Elm və təhsil 2019-11-08 15:43:00