Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yaponiya və Azərbaycanı birləşdirən tarixi məqamlar:Əfsanəvi kəşfiyyatçı Rixard Zorge (II hissə)

Tokio, 8 noyabr, AZƏRTAC

Tokioda əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin adı ilə bağlı olan digər yerlər Qinza, Naqaça-çyo, İkebukuro və Tama rayonlarıdır.
Bu gün Tokionun ən dəbdəbəli yeri hesab edilən Qinza rayonunun haçansa casusluq döyüşlərinin mərkəzi olduğuna inanmaq çox çətindir. Jurnalist vəsiqəsi dalında gizlənən R.Zorge “Kokusay Tsuşin” informasiya agentliyinin Tokio bürosuna gələrək buradakı son xəbərləri heç bir maneə ilə qarşılaşmadan götürə və təhlil edə bilirdi. Günəş batdıqdan sonra uca boyu, yaraşıqlı bədəni ilə seçilən R.Zorge küçəyə çıxaraq gözəl qadınların əhatəsində itirdi.
“Dentsu” şirkətinin səkkizmərtəbəli binası 1933-cü ildə R.Zorge Yaponiyaya gələndə istifadəyə verilmişdi. Həmin vaxt bu bina Qinza rayonunun ən hündür tikilisi hesab edilirdi. Bu gün həmin binanın əsas hollu və eksteryeri öz ilkin variantını qoruyub saxlayır. Buradakı atmosfer elə bir əhval-ruhiyyə yaradır ki, sanki əlində trubka tutmuş, cibində yeni tapşırığın əks olunduğu gizli teleqram olan əfsanəvi kəşfiyyatçı bu dəqiqə qapıdan çıxacaq. Hazırda Tokionun ən dəbdəbəli rayonu olan Qinza yenə öz göydələnləri ilə əcnəbi turistlərin sevimli istirahət yeri hesab olunur. Həmin vaxt isə “Dentsu” şirkətinin ofisinin səkkizinci mərtəbəsindən açılan mənzərə hamını heyran edirdi. R.Zorge də həmin binanın ən yuxarı mərtəbəsinə çıxaraq, buradan Tokionun möhtəşəm mənzərəsini seyr edər, kəşfiyyat məlumatları əldə etmək üçün yeni hədəfi barədə düşünərdi.
Bu binanın yuxarı mərtəbələrində Yaponiyanın ən böyük “Domey” agentliyinin nümayəndəliyi yerləşirdi. Son mərtəbə isə “Reuters”, AP, UP və digər beynəlxalq agentliklər, həmçinin xüsusi müxbirlər üçün nəzərdə tutulmuşdu. Burada Asiyanın ən böyük informasiya mərkəzlərindən biri yerləşirdi. Qeyd etdiyim kimi, R.Zorge Almaniyanın aparıcı “Frankfurt Tsaytunq” qəzetinin xüsusi müxbiri vəsiqəsinə malik idi. Hər gün işə gələrkən o, ilk olaraq DNB-nin nümayəndəliyinə baş çəkərək Hitler hökumətinin son addımları və müharibə ərəfəsində olan Avropadakı vəziyyətlə maraqlanırdı.
1939-cu ilin sentyabrında Almaniyanın Polşaya hücumuna cavab olaraq, Böyük Britaniyanın və Fransanın ona müharibə elan etməsindən bir gün sonra R.Zorge Fransanın Havas agentliyinin (indiki AFP-nin sələfi) xüsusi müxbiri Robert Qiyenlə görüşür. Sonralar “Moskvanı xilas etmiş casus” (“L'Espion qui sauva Moscou: L'Affaire Sorge racontée par un témoin”) kitabında R.Qiyen xatırlayırdı: ”Alman nasistlərinə qarşı qəzəbli olanlar öz nifrətlərini bizimlə birlikdə liftdə olan R.Zorqeyə boşaltmağa başladılar. O, təmkinlə onlara baxaraq sakitliyini saxlamaqda davam etdi, lift birinci mərtəbəyə çatanda isə məni axşam yeməyinə çağırdı. Masa arxasında I Dünya müharibəsi zamanı aldığı yaraları xatırladı. Məğlub edilmiş Almaniyadakı həyat təcrübəsini bölüşərək, müharibəyə nifrət etdiyini söylədi. Bu məni R.Zorqeni əsl alman vətənpərvəri hesab edən biri kimi çox təəcübləndirdi. O, mənim qarşımda sülhü ümidsizcəsinə sevən bir insan kimi dayanmışdı”.
“Dentsu” şirkətinin damı altında qarşıda gözlənilən müharibə vaxtı əks cəbhədə olacaq ölkələrin jurnalistləri çalışırdılar. Hitler koalisiyasının nümayəndələri müttəfiqlər blokunun və neytral ölkələrin jurnalistləri ilə qonşuluqda yerləşirdilər. Uzaq Şərq regionunun xəbərləri məhz buradan bütün dünyaya yayılırdı. Buradakı jurnalistlərin əllərindən çox qiymətli məlumatlar keçirdi və onlar həmkarlarının fəaliyyətini çox böyük diqqətlə izləyirdilər. Bura əsil kəşfiyyatçı üçün əvəzedilməz məlumat mənbəyi idi və R.Zorge də bunu çox yaxşı başa düşürdü.
Xorvatiya sakini olan Branko Vukeliç Havas agentliyində R.Qiyenlə birlikdə çalışırdı. Öz roluna görə o, R.Zorgenin rezidenturasının əcnəbi agentləri sırasında ikinci yeri tuturdu. “Dentsu” şirkətinin nəzdində fəaliyyət göstərən Domey agentliyi ilə daimi əlaqədə olması ona Yaponiya-Almaniya blokunda baş verənlər barədə son məlumatları R.Zorgeyə çatdırmaqda xüsusi rol oynayırdı.
1939-cu ilin avqustunda R.Zorgenin tapşırığı ilə Almaniya ilə SSRİ arasında hücum etməmək barədə müqavilənin imzalandığı haqda məlumatı əks etdirən teleqramı Tokiodan Fransa informasiya agentliyinə məhz o, göndərmişdi. Uğrunda mübarizə apardığı Vətənində nələrin baş verdiyini anlamayan R.Zorge bununla İ.Stalinin totalitar rejiminə qarşı informasiya müharibəsi yolu ilə etirazını ifadə etmişdi.
Yaponiya kütləvi-informasiya vasitələrinin R.Zorge haqqında yazdığı çoxsaylı məqalələrdə sovet casusu olan R.Zorge gecə-gündüz bilmədən çalışan bir kəşfiyyatçı kimi təsvir olunur. Lakin onu yaxından tanıyan şəxslərin xatirələrində o, həyata sıx bağlı olan, onun gözəlliklərindən zövq almağı bacaran biri kimi təqdim edilir. Məhz onun bu xüsusiyyətləri ona asanlıqla insanlarla təmas qurmağa, xüsusən qadınlarla münasibətdə uğur qazanmağa şərait yaradırdı. Təsadüfi deyil ki, o, yapon həyat yoldaşı İşii Hanako ilə “Reynqold” alman restoranında tanış olmuşdu. “Dentsu” şirkətinin binasından cəmi 3 dəqiqəlik məsafədə yerləşən “Reynqold” restoranı orijinal mətbəxi, gənc qadınların toplaşdığı məkan olması və birbaşa Almaniyadan gətirilən pivəsi ilə müxtəlif təbəqələrin nümayəndələrini cəlb edirdi. Burada əsasən səfirlik əməkdaşları, yapon ziyalıları və hərbiçilər toplaşırdılar.
1935-ci ildə - Yaponiyadakı həyatının üçüncü ilində R.Zorge məhz bu restoranda 40 yaşını qeyd edərkən Aqnes ləqəbli ofisiant qızla tanış olur. Həmin vaxt R.Zorgenin gələcək sevgilisi İşii Hanakonun cəmi 24 yaşı var idi. Qadınlar tərəfindən sevilən R.Zorge bir neçə qədəhdən sonra görüşə dəvət edilir və beləliklə onların məhəbbət əfsanəsi başlanır.
İ.Hanako sonralar “Zorge bir insan kimi” kitabında yazır: “Onun qaranlıq üzü qıvrım telləri ilə əhatələnmişdi. Alicənab ədaları, dəqiq nitqi onun yüksək təhsilə malik insan olduğunu təsdiq edirdi”.
R.Zorgenin çox xoşladığı növbəti yer Qinza rayonunun yaxınlığında yerləşən “İmperial” otelin barı idi. Bu otel indi də Yaponiya paytaxtının əcnəbi qonaqları arasında populyarlığı ilə seçilir. Barda piştaxta arxasında tanış səfirlik əməkdaşlarını və ya jurnalistləri görən R.Zorge onlara yaxınlaşaraq dünyada baş verən hadisələr barədə informasiya mübadiləsi aparardı. Bəzən görüş və söhbət uzun müddət davam edəndə və ya çox içkili olanda R.Zorge elə həmin oteldə də gecələyərdi.
Yaraşıqlı görkəmi ilə qadınlar arasında populyar olan R.Zorge Qinzadakı barların yaxşı tanınmış qonağı idi. Təsadüfi deyil ki, onun həbsindən sonra Tokionun bir sıra xanımları onunla sevgi münasibətində olduğunu etiraf etmişdi.
Bu gün Qinza rayonu Tokio meqapolisinin ən populyar əyləncə mərkəzlərindən biridir. Lakin Qinzanın dəbdəbəli küçələrini, Avropa üslublu və müasir dizaynlı binaları maraqla seyr edənlər bir vaxtlar burada XX əsrin ən böyük casus qalmaqallarının yaşandığını heç təsəvvür belə etmirlər.
Yaponiya paytaxtına səfəriniz zamanı məşhur həmyerlimizin çalışdığı və əyləndiyi yerlərlə tanış olmaq istəsəniz metronun “Qinza” stansiyasının B9 çıxışından Şotobori küçəsinə doğru 5 dəqiqə hərəkət edərək “Dentsu” binasının qarşısına çıxa bilərsiniz. Ötən il həmin bina 85 illik yubileyini qeyd edib. 1923-cü il zəlzələsindən sonra seysmik cəhətdən möhkəmliyi ilə seçilən konstruksiya əsasında inşa edildiyinə görə həmin bina müharibə illərinin dağıntılarına tab gətirib. Qeyd etdiyim kimi, R.Zorge bu binanın səkkizinci mərtəbəsində işləyib. Onun həbsindən bir il sonra Domey agentliyi paytaxtın Hibiya rayonuna köçüb. Hazırda həmin binanın səkkizinci mərtəbəsində heç bir informasiya agentliyi yoxdur. Bütün mərtəbədə yalnız Yaponiya Reklam Agentlikləri Assosiasiyası yerləşir.
R.Zorgenin istirahət və axşam yeməyi üçün yollandığı “Reynqold” restoranı isə Namiki küçəsində “Cartier”in binasının yaxınlığında yerləşirdi. Hazırda nə o restoran, nə də onun olduğu bina mövcud deyil. Burada hər hansı lövhəcik və ya R.Zorgenin vaxtilə çalışdığını təsdiq edən işarəyə də rast gəlməyəcəksiniz. Həmin yerə daha yaxın olmaq istəsəniz hazırda mövcud olan “Mikasha kaykan” restoran kompleksinə baş çəkə bilərsiniz.

Siyasət 2019-11-08 15:20:00