Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Bayraq varlığımdır, bayraq kimliyim...” mövzusunda tədbir keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında professor-müəllim heyətinin, polis veteranlarının və birinci kurs kursantlarının iştirakı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Bayraq Gününə həsr edilən videoçarx təqdim olunub.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev əlamətdar bayram münasibətilə iştirakçıları təbrik edib, dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin qüdrətinin rəmzi olduğunu deyib. O, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə Sərəncamının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
İstefada olan polis general-mayoru Rəsul Rəsulov 9 noyabr - Dövlət Bayrağı Gününü xalqımızın həyatında ən əlamətdar və müqəddəs bayramlardan biri adlandırıb. Bayrağın tariximiz, keçmişimiz, bu günümüz və müqəddəs dövlət rəmzimiz olduğunu vurğulayan R.Rəsulov bildirib ki, Azərbaycan xalqı daim azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə aparıb, canı, qanı hesabına müstəqil dövlətini qurub, üçrəngli bayrağını ucaldıb. Bu gün cümhuriyyət yaşıdı bayrağımız ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dünyanın mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində müstəqil bir dövlətin varlığının təcəssümü kimi iftixarla dalğalanır.
İstefada olan polis general-mayoru Ramiz Nağıyev çıxışında bayrağımızın millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricilərindən biri olduğunu diqqətə çatdırıb. O, keçirilən tədbirlərdə veteranların unudulmadığını, onların təcrübəsindən yararlanmaq üçün DİN rəhbərliyinin təşəbbüsünü məmnunluq hissi ilə qeyd edib və kursantlara xidməti fəaliyyətdə təşəbbüskar, kreativ və yenilikçi olmağı arzulayıb.
DİN-in Veteranlar Şurasının sədri, təqaüddə olan polis polkovniki Fərhad Süleymanov, tarixçi alim, təqaüddə olan polis polkovniki Tahir Behbudov bayrağımızın keçdiyi tarixi inkişaf yolundan danışıb, kursantları dünyanın harasında olursa-olsun elmdə və idmanda əldə etdikləri nailiyyətlərlə bu müqəddəs bayrağı daim ucalara qaldırmağa çağırıblar.
Akademiyanın 4-cü kurs kursantı İlkin Qolçini veteranlara Akademiyanın bütün tədbirlərində fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirib, onların tövsiyələrini yerinə yetirəcəklərinə kursant yoldaşları adından söz verib.

Sosial 2019-11-08 14:25:00