×
A
A
A
Sazlamalar

“Vaqif” operası nümayiş edilib

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası nümayiş edilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşada əsas partiya - şair Vaqifin obrazını Azərbaycanın Əməkdar artisti Ramil Qasımov ifa edib.
R.Qasımovla yanaşı, səhnə əsərində, həmçinin Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Fəridə Məmmədova, Fərid Əliyev, Cahangir Qurbanov, Tural Ağasıyev, solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev, Nina Makarova və başqaları çıxış ediblər.
Opera Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, konsertmeysteri Aysel Məlikovadır.
Aktyorların məharətli çıxışı operanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

Teatr və kino 2019-11-08 13:37:00