Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tacikistanda sərhəd zastavasına hücum edənlərin şəxsiyyəti müəyyənləşib

Bakı, 8 noyabr, AZƏRTAC
Tacikistan-Özbəkistan sərhədindəki zastavaya hücum edən silahlıların əksəriyyəti Tacikistanın şimalındakı Suğd vilayətinin sakinləri olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“İşkobod” sərhəd zastavasına hücum edən, aralarında qadınların da olduğu silahlıların əksəriyyəti Tacikistanın şimalında yerləşən Suğd vilayətinin sakinləridir. Baş prokurorluq hücum faktı ilə əlaqədar “terror”, “qətl”, “dövlət sərhədini qanunsuz keçmə” maddələri üzrə cinayət işi açıb”, - deyə qurumun mətbuat katibi Umarcon Emomali bildirib.
Bir qədər əvvəl Əfqanıstanın Müdafiə naziri zastavaya hücum edən şəxslərin Tacikistana Qunduz əyalətindən keçməsi ilə bağlı məlumatı təkzib etmişdi.
Xatırladaq ki, noyabrın 6-da 20 nəfərdən ibarət silahlı qrup Tacikistan-Özbəkistan sərhədində yerləşən “İşkobod” zastavasına hücum edib. Daxili İşlər Nazirliyi silahlılardan 15-nin öldürüldüyünü, beşinin isə saxlanıldığını bildirib. Əməliyyat zamanı, həmçinin güc strukturlarının iki əməkdaşı da həlak olub.

Dünya 2019-11-08 12:06:00