Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji qabları restavrasiya olunur

Bakı, 4 noyabr, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji qabları restavrasiya olunur.
Bu müəssisənin arxeoloji kolleksiyasının çoxsaylı nümunələri arasında saxsı qabların xüsusi payı var. Həmin qablar əsrlərboyu torpağın dərin qatları arasında sıxılmış vəziyyətdə qalaraq yaşadığımız dövrə qədər gəlib çatıb. Belə qablardan biri 2015-ci ildə arxeoloq Xəqani Alməmmədov tərəfindən İsmayılbəytəpə abidəsindən (Ağdam rayonu) tapılmış VI minilliyə aid təsərrüfat küpüdür. Bu qab təbii proseslərin təsirindən aşınmaya məruz qalıb, dağılmaq dərəcəsinə çatıb. Hazırda Bərpa laboratoriyasında restavrasiya proseslərinə cəlb olunub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, restavrasiya proseslərinə cəlb edilən qablardan biri də mərhum arxeoloq Saleh Qazıyev tərəfindən Mingəçevir abidəsindən tapılmış boz rəngli küpdür. Erkən Dəmir dövrünə (e.ə. I minilliyin əvvəlləri) aid bu küp nəfis şəkildə hazırlanmış səthi cızma xətlərlə naxışlanıb. Əsasən qida məhsullarının saxlanması və daşınması məqsədilə istifadə olunmuş bu qab da hissələrə parçalanıb. Azərbaycanın zəngin maddi mədəniyyətinin bir hissəsi olan bu eksponatlara hazırda muzeyin Bərpa laboratoriyası tərəfindən ikinci həyat verilir. Muzeyin təcrübəli bərpaçı-rəssamı Ərəstun Şahverdiyev küp qabları bərpa və konservasiya edir.

Elm və təhsil 2019-11-04 15:28:00