Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının seminarı: Bilik mübadiləsi

Bakı, 4 noyabr, AZƏRTAC 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası (KOAZ) tərəfindən Bakıda “Bilik mübadiləsi” mövzusunda seminar təşkil olunub.
2010-cu ildən fəaliyyət göstərən KOAZ-ın məqsədi məzunların Koreyada qazandıqları biliklərin Azərbaycana ötürülməsi, həmçinin müxtəlif sahələrdə iki dövlət arasında əməkdaşlığın inkişafına töhfə verməkdir.
AZƏRTAC xəbər verir ki, builki seminarın məqsədi “CIAT paylaşımdır” proqramının qalibi olan iki layihənin nəticələrini və təlim məzunlarının Koreya ilə bağlı təcrübələrini bölüşmək, KOAZ-ın gələcək tədbirlərində mümkün əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
Seminara Koreyada KOICA təlim proqramlarında iştirak etmiş Azərbaycanın dövlət qurumlarından 100-ə yaxın nümayəndə qatılıb.
Tədbirdə KOICA-nın Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok bildirib ki, bugünədək 800-ə yaxın dövlət qulluqçusu KOICA-nın təlimlərində iştirak edib.
KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının sədri Vəfa Yaqublu azərbaycanlı dövlət qulluqçuları üçün təlimlərin keçirilməsinə dəstək olduğu üçün Koreya hökumətinə minnətdarlığını bildirib. KOICA məzunlarının iki dövlət arasında əlaqələrin genişləndirilməsinə və gücləndirilməsinə töhfə verəcəklərini və səylə çalışacaqlarını qeyd edib.
Seminarda “CIAT paylaşımdır” proqramının birinci qalibi, Sahibkarlığın İnkişafı Fondunun baş mütəxəssisi İsa Qasımov vurğulayıb ki, onun “Ağıllı körpü” layihəsi təlimlərin təşkili vasitəsilə hökumət-biznes-universitet üçbucağını dəstəkləmək, yüksəksəviyyəli STİ və texnologiya transferi və kommersiyalaşdırmanı təşviq etməklə Azərbaycanda intellektual kapital və milli innovasiya bacarıqlarının inkişafına töhfə verib.
Proqramın ikinci qalibi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin aparıcı mütəxəssisi Şanay Qulusoyun “Rəqəmsal hökumətin təşviqi” layihəsi təlimlər vasitəsilə “ASAN Könüllüləri”nin rəqəmsal sahədə bacarıqlarını artırmağa və layihə çərçivəsində satınalınan interneti dəstəkləyən tabletlər vasitəsilə müvafiq və səmərəli sorğuların hazırlanmasının təmin edilməsinə kömək göstərib.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova təmsil etdiyi qurumun 12 əməkdaşının Koreya Respublikasında təlimdə iştirak etdiyini söyləyib. Qeyd edib ki, təlimdə əməkdaşlar Koreyanın ərzaq məhsullarının tədarükü və təchizatı sistemi ilə yaxından tanış olub, bununla bağlı qanunvericilik, heyvandarlıq sahəsində ümumi idarəçilik sistemindən faydalanma və digər müxtəlif mövzularda professorların mühazirələrini dinləyiblər. Vurğulanıb ki, ASC-nin sonrakı fəaliyyətində Koreya Respublikasının təkmilləşmiş tədarük və təchizat sistemindən öyrənilənlər ölkəmizdə də yerli şərait nəzərə alınmaqla tətbiq ediləcək.
Seminarda müxtəlif təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

Elm və təhsil 2019-11-04 12:31:00