Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Təhsil işçiləri Fransada “eTvinning” layihəsinin illik konfransında iştirak ediblər

Bakı, 4 noyabr, AZƏRTAC

Fransada “eTwinning” layihəsinin illik konfransı keçirilib. Tədbirdə Avropanın layihəyə üzv ölkələrinin Təhsil nazirliklərinin nümayəndələri və müəllim heyəti iştirak edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, konfransda bu qurumun Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin heyəti və 3 müəllim ölkəmizi təmsil edib.
Konfrans çərçivəsində rəqəmsal mühitdə yaradıcı düşüncənin formalaşdırılması, kompüter elmləri və kodlaşdırma, onlayn mühitdə şagird təhlükəsizliyinin təmin edilməsi mövzularında seminar, plenar sessiya və təlimlər təşkil olunub. Həmçinin layihə əsaslı dərs planının qurulması, şagirdyönümlü təhsilin inkişafı, onlayn peşəkar inkişaf metodları istiqamətində mövzular müzakirə edilib.
“eTwinning” layihəsinin təhsilverənlərin peşəkar inkişafı və İKT-nin tədrisdə tətbiqi sahəsində rolu üzrə müzakirə panelində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Fransanın Təhsil nazirinin müavini, Xorvatiya, Malta, Portuqaliyanın rəsmi nümayəndələri ilə birgə müzakirələrə qoşulub. Vüsal Xanlarov layihənin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə fikirlərini bölüşüb.
Tədbirdə müəllimlərimiz peşəkar inkişaf təlimlərinə cəlb edilib və bu sahədə xarici həmkarları ilə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış “eTwinning” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulub. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. “eTwinning” çərçivəsində Azərbaycandan indiyədək 524 məktəbdən 1912 müəllimin iştirakı ilə 1755 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda, layihədə iştirak edən müəllimlər onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində keçirilən seminar və konfranslara qatılırlar.

Elm və təhsil 2019-11-04 12:05:00