×
A
A
A
Sazlamalar

“Vikipediya”nın Azərbaycan bölməsində məqalələrin sayı 151 mini keçib

Bakı, 2 noyabr, AZƏRTAC 

“Vikipediya”nın Azərbaycan bölməsində məqalələrin sayı 151 mini keçib. “Vikipediya”da Azərbaycan bölməsi 306 dil qrupu arasında 50-ci yerdə qərarlaşıb. Bu, Azərbaycan vikiicmasında böyük canlanmanın olmasından xəbər verir. Azərbaycanda fəaliyyət göstərən vikiicmanın fədakarlığı, qətiyyəti və fəallığı öz müsbət nəticəsini verir. Bu gün “Vikipediya” təlimləri ilə maraqlanan gənclərin sayı gündən-günə artır. Biz bunu AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzində təşkil olunan təlimlərə gələn könüllülərin sayında müşahidə edirik.
Bunu AZƏRTAC-a açıqlamasında Mərkəzi Elmi Kitabxananın direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk söyləyib.
“Təlimlərimizə böyük maraq var. Hər gün 40-50 arası məqalə yaradılır, yarımçıq məqalələr redaktə olunur və genişləndirilir. Bu gün Azərbaycan dilində məzmunlu, keyfiyyətli və geniş məqalələr oxumaq olur. Düzdür, problemlər çoxdur. Tədricən bunlar da öz həllini tapacaq. Ali məktəblərin müəllim və tələbə heyətinin “Vikipediya” hərəkatına, təlimlərə qoşulması bu sahədə olan boşluqların aradan qaldırılmasına böyük töhfə verəcək. Diqqətə çatdırım ki, Mərkəzi Elmi Kitabxananın təşəbbüsü ilə bir sıra ali məktəblərdə “Vikipediya” metodik mərkəzləri yaradılıb və fəaliyyətə başlayıb. Milli Aviasiya Akademiyasında, İlahiyyat İnstitutunda, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, YAP-ın Gəncə şəhər təşkilatında, Gürcüstanın Marneuli rayonunda “Vikipediya” mərkəzləri fəaliyyət göstərir. Humanitar sahələrlə yanaşı, texnika elmlərini əhatə məqalələrin yaradılması və redaktəsi diqqətdə saxlanılır”, - deyə Elnur Eltürk qeyd edib.

Elm və təhsil 2019-11-02 12:08:00