×
A
A
A
Sazlamalar

İçərişəhərdə İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzində mətbuat günü keçirilib

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İçərişəhərdə İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzində mətbuat günü təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir Aİ tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramının “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə həyata keçirdiyi birgə layihə çərçivəsində incəsənət və yaradıcı mədəni özünüifadə üzrə ilk inklüziv peşə təhsili proqramının açılışına həsr olunub. Əlilliyi olan və olmayan şəxslər üçün inklüziv təhsilin təşviqinə yönələn bu layihə gənc tələbələrin birlikdə təhsil almasına və ənənəvi incəsənət vasitəsilə həyatı birlikdə kəşf etməsinə kömək edir.
Aİ, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında 2018-ci ildə imzalanmış layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaq və gənclərin onların inkişafla bağlı ehtiyac və tələblərinə uyğunlaşdırılmış inklüziv təhsili platformalarına çıxış imkanlarını genişləndirmək üçün bu yaxınlarda tamamilə yeni İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi yaradılıb. Mərkəz İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin (İƏİM) nəzdində fəaliyyət göstərir. Bu ilin sentyabr ayında tələbələrin ilk qrupu İçərişəhərdə Təlim Mərkəzində inklüziv emalatxanada ilk tədris ilinə başlayıb.
Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas tələbələrin ilk qrupunu salamlayaraq qeyd edib ki, bərabər davranış, bərabər imkanlar və ayrı-seçkiliyə yol verilməməsi cəmiyyətdə əlilliyi olan qadınlar və kişilər üçün inklüziv imkanları təmin edir. Maneə və qərəz olduqda isə həm fərdlər, həm də cəmiyyət üçün çox əlverişsiz mühit yaranır, xüsusən bu maneələr bacarıqların inkişaf etdirilməsinə və layiqli iş imkanlarının əlçatanlılığına mane olur. Bu baxımdan ümumi, texniki və peşə təhsil və təlimin, o cümlədən məşğulluq sahəsində məlumatlılığı artıran davamlı, açıq, çevik və tamamlayıcı sistemlərin inkişafı və tətbiqi vacibdir.
İnklüziv təcrübələrin vacibliyini vurğulayan BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassetti bildirib ki, inklüzivlik əlilliyi olan insanların həyatında köklü dəyişikliklərə səbəb olur. Bu insanların özünüqiymətləndirməsinin yüksəlməsinə, özünəinamının artmasına kömək edir və onlara daha keyfiyyətli həyat yaşamaq imkanı verir. İnklüziv cəmiyyətlərdə fərqli qabiliyyətlərə malik şəxslər onlar üçün münbit mühitdə çoxsaylı faydalı imkanlardan yararlana bilirlər. Bu cür mühit digər məsələlərlə yanaşı, effektiv kommunikasiyaya əngəl olan maneələri aradan qaldırır, əlilliyi olan şəxslərin icma həyatında iştirakını artırır və onların müstəqil yaşamaq bacarıqlarını yaxşılaşdırır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin üzvü Cavid Kazımov təmsil etdiyi qurumun sağlamlıq imkanları məhdud şəxslərin digər gənclərlə birlikdə zəruri bilik və bacarıqlarla təmin olunmaları üçün xüsusi önəm kəsb edən bu layihəyə dəstək verdiyini deyib. Bildirib ki, layihədə peşəkar təlimçilərin və sənətkarların iştirak etməsi onlardan dərs alan şagirdlərin gələcəkdə mükəmməl sənət əsərləri hazırlamalarına yardımçı olacaq.
Tədbir çərçivəsində Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas tələbələrlə ünsiyyət yaradaraq onların əl işlərini nəzərdən keçirib.
Qonaqların iştirakı ilə batik və muncuq sənətkarlığı üzrə inklüziv qrup daxilində tədris prosesi həyata keçirilib. Şagirdlərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, İçərişəhərdəki yeni İncəsənət və Sənətkarlıq üzrə Peşə Təlimi Mərkəzində təqdim olunan altı kursda yüksək motivasiyalı 65 tələbə, o cümlədən əlilliyi olan 25 tələbə və əlilliyi olmayan 40 tələbə təhsil alır. Mərkəzdə hazırda dulusçuluq və dekorativ həllərlə bağlı iki kurs mövcuddur və hər iki kurs 6-12 aylıq akademik proqramlar təqdim edir. Bundan əlavə, ağac üzərində iş üzrə ixtisaslaşan daha iki qrup müvafiq olaraq altı və on iki aylıq kurslarda iştirak edir. Polimer gili və muncuqlardan suvenirlərin hazırlanması, batika və vitraj üsulu ilə suvenirlərin hazırlanması üzrə bir-birindən ayrı daha iki kurs fəaliyyət göstərir. Kurslar əlilliyi olan 4-5 və əlilliyi olmayan 6-7 tələbədən ibarət qarışıq qruplar şəklində həftədə bir dəfə 2 saat davam edir.
Dərslər sənətkarlıq və incəsənət üzrə peşəkar ekspertlər və istehsalçılar tərəfindən keçirilir. Təlimçilərə təhsil prosesində dəstək göstərmək üçün hər qrupa korreksiyaedici pedaqogika üzrə ixtisaslaşmış iki köməkçi müəllim təyin olunur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri olan təcrübəçilərdən seçilən bu köməkçi müəllimlər zərurət olduqda əlilliyi olan tələbələrə fərdi dəstək göstərir, onların digər tələbə yoldaşları ilə ünsiyyət və qarşılıqlı əlaqəsinin artmasına kömək edir. Bundan əlavə, əlilliyi olan hər bir tələbə üçün hazırlanmış fərdi inkişaf planlarına uyğun olaraq fərqli qabiliyyətlərə malik tələbələrə psixoloji məsləhət və dəstək xidmətlərinin göstərilməsi üçün psixoloq, sosial işçi, loqoped və işarə dili tərcüməçilərindən ibarət reabilitasiya üzrə işçilər qrupu da fəaliyyət göstərir. Ən əsası fərqli qabiliyyətlərə malik uşaq və gənclərin valideynlərinin geniş spektrli emosional və psixoloji çətinliklərə uyğunlaşmasına kömək etmək, habelə onların öz uşaqlarının xüsusi ehtiyaclarını daha yaxşı anlamasına dəstək göstərmək məqsədilə zərurət olduqda suallara cavab verən və kömək göstərən xüsusi xidmət təchizatçıları fəaliyyət göstərir.
Bu ilin sentyabr ayında tələbələr, həmçinin qrup üzvləri arasında inklüziv mühitin yaradılmasına, yaşıdları arasında tolerantlıq və empatiyanın artmasına yönələn inklüziv təhsil üzrə interaktiv təlimdə iştirak edib.

Elm və təhsil 2019-11-01 19:15:00