×
A
A
A
Sazlamalar

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyədə təşkil olunan təlimlər davam edir

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan və Türkiyənin peşə təhsili sahəsində əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün 2019-2020-ci tədris ili ərzində Türkiyədə təşkil olunan təlimlər davam edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimlərin təşkilində məqsəd peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyətinin kvalifikasiyasının artırılmasıdır.
Mühəndis-pedaqoji heyət İnönü Peşə və Texniki Anadolu Liseyində, Çinarlı Peşə və Texniki Anadolu Liseyində, “Ege Universiteti Ödemiş Yüksek Okulu”nda təlimlərdə olub.
Avtomobil qrupu üzrə təlim keçən heyət dizel mühərriki, gəmi və avtomobilin hərəkət sistemlərinin müayinəsi emalatxanalarına səfər edib.
Mebel sahəsi üzrə təlim iştirakçıları emalatxanalarda müxtəlif əl alətləri və dizayn proqramları, elektrik istiqaməti üzrə müəllimlər isə “autocad” proqramlarında elektrik dövrələrin çəkilməsi, siqnalizasiya sistemi və təhlükəsizlik kameralarının iş prinsipi ilə tanış olublar.
Kənd təsərrüfatı üzrə müxtəlif bitkiçilik laboratoriyalarına, arıçılıq sahələrinə, quşçuluq və heyvandarlıq fermalarına səfərlər təşkil olunub.
Müəllim və ustalar müxtəlif studiyalarda fototexnikalar, videoqurğular, tədbirlərin təşkili, radio və televiziya yayımı ilə bağlı təcrübə əldə ediblər.
Təlimlərin 2-12 həftə müddətində liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə keçirilməsi planlaşdırılıb. Təlimlər 15 müxtəlif istiqamət üzrə İstanbul, Ankara və İzmir şəhərlərində keçirilir.

Elm və təhsil 2019-11-01 18:47:00