×
A
A
A
Sazlamalar

Ödənişsiz rus dili kursunun yekununda tələbələr sertifikat alacaqlar

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin tələbələri üçün təşkil olunacaq ödənişsiz rus dili kursunun təqdimatı keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi İlahə Kazımova rus dilinin öyrədilməsi ideyasının rektor Kamal Abdullanın təşəbbüsü olduğunu deyib, Azərbaycan-Rusiya hərtərəfli əlaqələrini, qonşuluq münasibətlərini, gələcək perspektivlərini nəzərə alaraq rus dilini öyrənməyin vacibliyini vurğulayıb.
Fakültənin dekanı, professor Şahin Xəlilli rus dili kurslarının təşkili ilə bağlı təşəbbüsü çox yüksək qiymətləndirib. O, qloballaşan dünyada rus dilinin əhəmiyyətini vurğulayaraq, tələbələrə uğurlar arzulayıb.
Tələbələrlə iş və tərbiyə şöbəsinin rəhbəri Sərraf Balaxan rus dili kursunun ötən ildən təşkil olunduğunu qeyd edib. O, təşkil olunacaq kurslara xeyli sayda tələbənin müraciət etməsinin səbəbi kimi ötən ilin nəticələrinin yüksək olmasını göstərib, rus dilinin tələbələrə yeni bir dünya açacağını bildirib.
Ödənişsiz təşkil olunacaq rus dili kursunun yekununda tələbələr sertifikat alacaqlar.

Elm və təhsil 2019-11-01 17:12:00