×
A
A
A
Sazlamalar

Astarada dünyəvi dövlətdə din və təhsil mövzusunda seminar-treninq keçirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun fəal gənclərinin iştirak etdikləri tədbiri açan Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev rayondakı dini durum barədə məlumat verib. O bildirib ki, Astara rayonunun əhalisi hər zaman öz mənəvi dəyərlərinə bağlı olub.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək hazırda Azərbaycanda 2250 məscidin, 14 kilsənin və 7 sinaqoqun olduğunu bildirib. Sədr müavini qeyd edib ki, respublikamızda ibadət evləri ilə yanaşı, İslam, xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri və s. fəaliyyət göstərir. Onun sözlərinə görə, din sahəsində savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsini, ilahiyyat elminin inkişafını təmin etmək üçün müstəqil ali təhsil müəssisəsinin yaradılmasına ehtiyac var idi. Bu məqsədlə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.
DQİDK-nın sədr müavini ali və orta məktəblərdə dini biliklərin tədrisi ilə bağlı məsələyə də toxunan G.İsmayılov orta məktəblərdə din və şəriət deyil, dini biliklərin tədris olunduğunu bildirərək deyib: “Bu ilin sentyabrından etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” fənni tədris edilir. Orta məktəblərdə isə “Həyat bilgisi” fənni vasitəsilə şagirdlərə yalnız dini biliklər deyil, həm də dinlərin tarixi barədə məlumat verilir”.
Astara Rayon Təhsil Şöbəsinin müdir müavini Sultanağa Baxşıyev və DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dinin cəmiyyətdəki rolundan danışaraq vurğulayıblar ki, din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil edib. Natiqlər bildiriblər ki, dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Din 2019-10-28 19:30:00